24 fevral 2022-ci ildə başlayan Ukrayna-Rusiya müharibəsi artıq dördüncü ilə qədəm qoyur. Bu tarix regionun və bütövlükdə Avropa təhlükəsizlik arxitekturasının taleyini dəyişən müharibənin növbəti mərhələsini ifadə edir. REAL Televiziyası efirində müharibənin hazırkı mərhələsi, cəbhədəki vəziyyət və davam edən sülh danışıqlarının perspektivləri geniş təhlil olunub. Verilişin qonaqları siyasi şərhçi Zaur İbrahimli və hüquq müdafiəçisi Əhməd Şahidov olub.
Hüquq müdafiəçisi Əhməd Şahidov çıxışında vurğulayıb ki, dörd ildir davam edən bu müharibə artıq təkcə iki dövlət arasında hərbi qarşıdurma deyil, beynəlxalq hüquq sisteminin və qlobal təhlükəsizlik mexanizmlərinin ciddi sınağıdır. Onun sözlərinə görə, mülki əhalinin hədəfə alınması, şəhərlərin dağıdılması və ərazilərin işğalı beynəlxalq konvensiyaların açıq şəkildə pozulması deməkdir və bu faktlar gələcək siyasi razılaşmalarda mütləq hüquqi qiymətini tapmalıdır.
Əhməd Şahidov bildirib ki, müharibənin dördüncü ilinə keçid humanitar böhranın miqyasını daha aydın göstərir: milyonlarla insan qaçqın vəziyyətinə düşüb, minlərlə mülki şəxs həyatını itirib. Onun fikrincə, davamlı və ədalətli sülh yalnız dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında qurula bilər və beynəlxalq ictimaiyyət bu prinsiplərdən geri çəkilməməlidir. O əlavə edib ki, real sabitlik yalnız siyasi iradə və hüquqi məsuliyyət mexanizmləri paralel şəkildə işlədiyi halda mümkündür.








