Son günlər Cənubi Qafqaz ətrafında geosiyasi müzakirələri gücləndirən əsas məsələlərdən biri Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzinin açıqlamaları olub. O, Azərbaycanda həbsdə olan Rusiya vətəndaşlarının azad edilməsini Moskva üçün prioritet adlandıraraq bunu ikitərəfli münasibətlərin normallaşması ilə əlaqələndirib. Paralel olaraq Ermənistanın Qərb strukturları ilə yaxınlaşmasının nəticələri barədə xəbərdarlıq edib və bu kursun Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəliklərlə ziddiyyət yarada biləcəyini vurğulayıb. Eyni gündə səslənən fərqli tonlu bu mesajlar Moskvanın regiona münasibətdə yeni siyasi xətt formalaşdırdığını göstərir.
Mövzu ilə bağlı siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasının efirində çıxış edərək əvvəlcə İlham Əliyevin Serbiyaya rəsmi səfərinin Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu bildirib. Onun sözlərinə görə, Bakı ilə Belqrad arasında strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsi Azərbaycanın Avropa məkanında siyasi və enerji rolunu daha da gücləndirir.
Əhməd Şahidov daha sonra əsas mövzuya toxunaraq qeyd edib ki, Moskvanın Bakıya ünvanladığı mesaj təzyiq deyil, dialoq axtarışıdır:“Rusiya anlayır ki, regionda yeni reallıq formalaşıb və Azərbaycanla münasibətləri qarşıdurma üzərində qurmaq mümkün deyil. Buna görə humanitar mövzu üzərindən siyasi kanalların bərpasına çalışır”.
Siyasi şərhçi Əhməd Şahidov əlavə edib ki, İrəvana yönələn ritorika isə tam əks mahiyyət daşıyır: “Ermənistana verilən mesaj açıq xəbərdarlıqdır. Moskva Qərblə inteqrasiyanı öz təsir zonasının zəifləməsi kimi qiymətləndirir və mümkün nəticələr barədə əvvəlcədən siqnal verir. Beləliklə, Rusiya eyni anda Azərbaycanla münasibətləri yumşaltmağa, Ermənistanı isə seçim qarşısında qoymağa çalışır”.





