Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə keçirilən görüşdə vətəndaş cəmiyyəti təmasları və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi məsələləri müzakirə olunub. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan iki ölkə nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb, eyni zamanda TRIPP və digər regional bağlantı layihələrinin icrası ətrafında fikir mübadiləsi aparıblar.
Hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, bu yanaşma post-münaqişə dövründə etimadın mərhələli şəkildə formalaşdırılmasına xidmət edir: “Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı təmasları tərəflər arasında psixoloji baryerlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, rəsmi danışıqlara paralel olaraq sülh gündəliyinin cəmiyyətlər tərəfindən də qəbul edilməsinə zəmin yaradır”.
Əhməd Şahidovun sözlərinə görə, liderlərin normallaşma prosesinə sadiqliyini bir daha təsdiqləməsi regionda uzunmüddətli sabitlik üçün vacib mesajdır: “TRIPP və digər bağlantı layihələri təkcə iqtisadi deyil, həm də siyasi etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycanın bu prosesdə konstruktiv mövqeyi regional əməkdaşlıq üçün yeni imkanlar açır”.




