Yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən Qış Sessiyasının ikinci günü işini davam etdirir. Sessiyanın gündəliyində beynəlxalq təhlükəsizlik, regional münaqişələr, insan hüquqları və Avropanın siyasi gündəmini əhatə edən aktual mövzular üzrə müzakirələr yer alır, eyni zamanda bir sıra yüksək səviyyəli çıxışlar gözlənilir.
Bu barədə hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına AŞPA-dan açıqlama verib. O bildirib ki, sessiya çərçivəsində Qrinlandiya ətrafında yaranmış vəziyyət, Yaxın Şərqdəki siyasi böhran, Ukraynada sülh və Avropanın təhlükəsizliyi ilə bağlı debatlar əsas müzakirə mövzuları sırasındadır. Əhməd Şahidov qeyd edib ki, bəzi ölkə rəsmilərinin və xarici işlər nazirlərinin çıxışları da Assambleyanın diqqət mərkəzində olacaq.
Əhməd Şahidov Azərbaycan–AŞPA münasibətlərinə də toxunaraq bildirib ki, Azərbaycan nümayəndə heyətinin sessiyalarda iştirak etməməsinə baxmayaraq, Assambleyada ölkəmizlə bağlı tənqidi çıxışların səsləndirilməsi gözlənilir. Onun sözlərinə görə, xüsusilə Azərbaycandakı son həbslərlə bağlı mövzular gündəmə gətirilə bilər. Hüquq müdafiəçisi vurğulayıb ki, bütün fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü olaraq qalır və gələcəkdə bu platformaya qayıdış milli maraqlar baxımından əhəmiyyət kəsb edir.

