ABŞ və Venesuela arasında sanksiyaların sərtləşdirilməsi, enerji bazarlarında qeyri-sabitlik və Karib hövzəsində artan hərbi fəallıq iki ölkə arasındakı münasibətləri yeni gərgin mərhələyə keçirib. Vaşinqtonun PDVSA şirkətinə qarşı məhdudiyyətləri genişləndirməsi və “Citgo” aktivləri üzrə məhkəmə proseslərinin davam etməsi mövzunu beynəlxalq gündəmin əsas xəttinə çevirib.
ARB24 Televiziyasına açıqlamasında siyasi şərhçi Əhməd Şahidov bildirib ki, ABŞ-ın tətbiq etdiyi yeni tariflər və siyasi təzyiq mexanizmləri regionda balansı dəyişir: “Burada məsələ təkcə Karakasla Vaşinqton arasında deyil. Sanksiyaların əhatəsi genişlənir və bu, Venesuela ilə əməkdaşlıq edən digər ölkələr üçün də risk yaradır. ‘Citgo’ məsələsi isə Karakasın iqtisadi mövqeyinə ciddi zərbə vurur və daxili siyasi gərginliyi artırır”, – deyə o qeyd edib.
Əhməd Şahidov Venesueladan kütləvi miqrasiyanın da vəziyyəti daha da ağırlaşdırdığını bildirib: “Artıq 7,9 milyondan çox insan ölkəsini tərk edib. Sosial-iqtisadi böhran və deportasiya uçuşlarının artması yeni miqrasiya dalğası ehtimalını yüksəldir. Əgər gərginlik nəzarətdən çıxarsa, Karib hövzəsi yeni bir geosiyasi qarşıdurma zonasına çevrilə bilər”, – deyə o əlavə edib.




