8 Noyabr – Zəfər Günündə Bakıda keçirilən möhtəşəm hərbi parad Azərbaycan Ordusunun gücünü, dövlətin qətiyyətini və regionda formalaşan yeni geosiyasi reallıqları bir daha nümayiş etdirdi. Türkiyə və Pakistan ordularının ən yüksək səviyyədə iştirakı bu tədbiri təkcə hərbi yox, həm də siyasi həmrəyliyin rəmzinə çevirdi. Beş il əvvəl döyüş meydanında qazanılmış Qələbə bu gün diplomatik və iqtisadi müstəvilərdə yeni mərhələyə daxil olub.
ARB24 Televiziyasına müsahibəsində siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Qarabağda gedən bərpa və inkişaf prosesi Prezident İlham Əliyevin güclü liderliyinin və dövlətin planlı siyasətinin nəticəsidir: “Qarabağda təkcə infrastruktur deyil, dövlətçilik və idarəetmə modeli də yenidən qurulur. Beş il ərzində yüzlərlə layihə icra olunub, beynəlxalq hava limanları, minlərlə kilometr yollar və dəmir yolu xətləri çəkilib. Bu, region tarixində görünməmiş miqyasda bərpa nümunəsidir və Prezident Ərdoğanın da vurğuladığı kimi, Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir.”
Əhməd Şahidov əlavə edib ki, bu gün Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik masada qazandığı uğurlar regionda yeni reallıq formalaşdırıb: “Türkiyə və Pakistanın Zəfər Paradında iştirakı ölkəmizin təcrid olunmadığını, əksinə, güclü müttəfiqlərlə əhatə olunduğunu göstərdi. Sülh prosesi də real mərhələyə qədəm qoyub. Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi və təminatçısı Azərbaycandır. Beş il əvvəl bu reallıq döyüş meydanında yaradılmışdı, bu gün isə diplomatik masada hüquqi və siyasi formaya salınır.”






