Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in illik İnsan Hüquqları Konfransının üçüncü günü davam edir.
Oktyabrın 6-da start götürən və 17-dək davam edəcək mötəbər tədbirə dünyanın müxtəlif ölkələrindən diplomatlar, hüquq müdafiəçiləri, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçiləri qatılıb. Konfransda insan hüquqları, əsas azadlıqlar, təhlükəsizlik, beynəlxalq ədalət və sülh məsələləri müzakirə olunur.
Bu gün tədbirdən ARB24 kanalına canlı bağlanan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov konfransın gedişi və sessiyalarda səslənən çıxışlarla bağlı məlumat verib.
Əhməd Şahidov bildirib ki, Azərbaycan nümayəndə heyəti bu platformada fəal iştirak edir və Cənubi Qafqazda sülh prosesi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, eləcə də ABŞ-ın vasitəçiliyi ilə əldə olunan “Ağ Ev razılaşması” barədə mövqeyini təqdim edir: “Azərbaycan bu platformada sülh, ədalət və insan hüquqları prinsiplərinin müdafiəçisi kimi çıxış edir. Biz bölgədə dayanıqlı sabitliyin bərpası və beynəlxalq hüququn aliliyinin qorunması istiqamətində çağırışlar edirik.”
Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, konfransda bəzi erməni təmsilçilər təxribatçı çıxışlar ediblər, lakin Azərbaycan tərəfi bu cür təxribatlara cavab verməkdən çəkinmir: “Təəssüf ki, bəzi qərəzli çıxışlar sülh prosesinə kölgə salmağa yönəlib. Ancaq biz təmkinlə və arqumentlərlə cavab veririk. Azərbaycan həqiqəti və ədaləti müdafiə etməyə davam edəcək.”




