Avqustun 8-də, Cümə günü ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və moderatorluğu ilə Vaşinqtonda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında mühüm görüş keçiriləcək. Bu görüş Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin siyasi yolla həllinə yönəlmiş danışıqlar prosesinin həlledici mərhələsi hesab olunur.
Ağ Ev rəsmilərinin açıqlamalarına görə, tərəflər əvvəlki mərhələlərdə – əsasən BƏƏ-nin vasitəçiliyi ilə Abu-Dabidə – ilkin razılaşmalar əldə ediblər və Vaşinqtonda keçiriləcək bu üçtərəfli görüş həmin razılaşmaların rəsmiləşdirilməsi məqsədi daşıyır. ABŞ administrasiyası prosesə xüsusi önəm verir və bu təşəbbüsü həm regional sabitliyin bərpası, həm də Trampın şəxsi diplomatik uğuru kimi təqdim etməyə çalışır.
Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlamasında bildirib ki, Ağ Evdə baş tutacaq görüş Cənubi Qafqaz üçün tarixi fürsətdir və bu danışıqlar nəticəsində yekun sülh sazişinin imzalanması mümkündür.
“Donald Tramp bu prosesə sıradan diplomatik təşəbbüs kimi deyil, şəxsi siyasi iradəsi ilə yanaşır. Onun məqsədi həm Azərbaycan və Ermənistan arasında barışığı təmin etmək, həm də ABŞ-ın qlobal vasitəçi rolunu möhkəmləndirməkdir,” – deyə Əhməd Şahidov bildirib.
Şərhçinin sözlərinə görə, görüşdə təkcə sülh sənədi deyil, həm də regionda iqtisadi əməkdaşlıq, sərhədlərin açılması və nəqliyyat dəhlizləri ilə bağlı məsələlər müzakirə oluna bilər. Əgər tərəflər yekun razılığa gələ bilsələr, bu, yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün yeni bir mərhələnin başlanğıcı olacaq.




