Yaxın Şərqdə İsrail və Türkiyə arasında artan siyasi və hərbi gərginlik beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Məsələ ilə bağlı beynəlxalq məsələlər ekspert və siyasi şərhçi Əhməd Şahidov Vaşinqtondan öz mövqeyini açıqlayıb.
Ekspert bildirib ki, İsrail–İran münasibətlərindəki gərginlikdən sonra bölgədə yeni bir güc balansı formalaşır və hazırda Türkiyə ilə İsrail arasında qarşıdurma daha təhlükəli mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, Suriyada baş verən son hadisələr və tərəflər arasında sərtləşən ritorika vəziyyəti daha da ağırlaşdırıb.
“Bu sadəcə diplomatik narazılıq deyil. Bu qarşıdurmanın arxasında enerji marşrutları, təhlükəsizlik maraqları və İslam dünyasında nüfuz savaşı dayanır. Türkiyə bölgədə humanitar və siyasi güc kimi çıxış edir, İsrail isə Qərbin dəstəyi ilə öz maraqlarını qorumağa çalışır”, — deyə Əhməd Şahidov vurğulayıb.
Əhməd Şahidov Pakistanın mövqeyinə də xüsusi diqqət çəkib. Onun fikrincə, Pakistan regionda digər müsəlman ölkələrindən fərqli olaraq, nüvə silahına və böyük hərbi potensiala malik dövlət kimi bu proseslərdə mühüm rol oynayır.
“Pakistan İslam dünyasında nüfuzu və təsir gücü olan ölkədir. Xüsusilə Fələstin məsələsində sərgilədiyi prinsipial və qətiyyətli mövqe, regional və qlobal proseslərə təsir imkanları onu fərqləndirir. Hazırda Pakistanın Yaxın Şərqdəki hadisələrə münasibəti diqqətlə izlənir”, — deyə Əhməd Şahidov qeyd edib.
Azərbaycanın mövqeyinə toxunan ekspert bildirib ki, Bakı həm Türkiyə, həm də İsraillə dost münasibətlər saxlayır və bu səbəbdən balanslı siyasət yürütməyə çalışır.
“Azərbaycan üçün bu məsələ həm siyasi, həm də mənəvi məsələdir. Əgər vəziyyət müharibəyə qədər gedib çıxarsa, Azərbaycan qardaş Türkiyənin yanında olacaq. Bu, tarixdən, ortaq dəyərlərdən və milli təhlükəsizlik maraqlarından irəli gəlir”, — deyə o əlavə edib.
Əhməd Şahidov hesab edir ki, qarşıdakı aylarda regionda diplomatik və hərbi proseslər daha da intensivləşəcək və beynəlxalq güclərin maraq toqquşması yeni geosiyasi situasiyalara səbəb ola bilər.
“ABŞ, Rusiya, Çin və Avropa İttifaqı kimi güclər bölgədə öz maraqlarını qorumağa çalışacaq. Bu isə həm enerji təhlükəsizliyinə, həm də beynəlxalq ticarət marşrutlarına təsir edəcək. Qlobal balans pozulmaq üzrədir”, — deyə Əhməd Şahidov bildirib.

