Bu gün, iyulun 4-də hüquq müdafiəçisi və beynəlxalq insan haqları fəalı Əhməd Şahidov Vaşinqtondan video müraciət ünvanlayaraq, ABŞ xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və dünya ictimaiyyətinə sülh və insan haqlarının qorunması ilə bağlı çağırış ünvanlayıb.
Çıxışında Əhməd Şahidov bildirib ki, 248 il əvvəl ABŞ-ın elan etdiyi müstəqillik və irəli sürdüyü “bütün insanların bərabər yaradıldığı və həyat, azadlıq və xoşbəxtliyə can atmaq hüququna malik olduğu” prinsipləri bu gün də dünya üçün böyük əhəmiyyət daşıyır.
“Mən Cənubi Qafqaz kimi münaqişə bölgəsindən gələn biri kimi yaxşı bilirəm ki, sülh nə qədər qiymətlidir. Ümid edirəm ki, bir gün bütün ölkələrdə uşaqlar təhlükəsizlik içində böyüyəcək, analar övladları üçün göz yaşı tökməyəcək və gənclər arzularını gerçəkləşdirmək imkanı əldə edəcəklər,” — deyə hüquq müdafiəçisi çıxışında qeyd edib.
Əhməd Şahidov həmçinin vurğulayıb ki, 4 İyul təkcə ABŞ üçün deyil, azadlıq, bərabərlik və insan ləyaqətinə dəyər verən bütün bəşəriyyət üçün əhəmiyyətli gündür. O, dünya ictimaiyyətini sülh, anlayış və insan haqlarının müdafiəsi uğrunda birləşməyə çağırıb.
Çıxışının sonunda o, ABŞ xalqını təbrik edərək, bütün dünyada sülh və ümidin hökm sürməsini arzulayıb.
Qeyd edək ki, Əhməd Şahidov hazırda Vaşinqtonda beynəlxalq tədbirlərdə iştirak edir və insan haqları məsələləri ilə bağlı çıxışlar edir.

