Hazırda Vaşinqtonda olan beynəlxalq hüquq müdafiəçisi və insan haqları fəalı Əhməd Şahidov Rusiyada son günlər etnik azlıqlara qarşı baş verən hücumlar və zorakılıqlarla bağlı dünya ictimaiyyətinə çağırış edib.
Əhməd Şahidov bildirib ki, Rusiyada azərbaycanlılar, Orta Asiya ölkələrindən olanlar, müsəlmanlar və Qafqaz mənşəli insanlar sistemli şəkildə hücuma məruz qalır, döyülür, həbs edilir və bəziləri qətlə yetirilir. O, sosial mediada yayılan dəhşətli görüntülərdə günahsız insanların küçələrdə döyüldüyünü, mağazaların dağıdıldığını və polisin bu zorakılıqlara göz yumduğunu, bəzən isə iştirak etdiyini vurğulayıb.
Əhməd Şahidov bildirib ki, bu hadisələr beynəlxalq hüququn və insan hüquqları prinsiplərinin açıq şəkildə pozulmasıdır. Onun sözlərinə görə, bu cür vəhşiliklərə səssiz qalmaq insanlığa və ədalətə xəyanət deməkdir.
Vaşinqtondan çağırış edən Əhməd Şahidov BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və bütün beynəlxalq insan hüquqları təşkilatlarını dərhal məsələyə müdaxilə etməyə, Rusiyada baş verənləri yerində araşdırmaq üçün beynəlxalq müşahidəçilər göndərməyə və bu zorakılıqlara son qoymaq üçün təzyiq göstərməyə çağırıb.
Əhməd Şahidov eyni zamanda ABŞ Prezidentinə xüsusi müraciət edərək bu vəhşilikləri açıq şəkildə pisləməyə, Rusiyaya qarşı qəti mövqe bildirməyə və insan haqlarının yalnız güclü ölkələr üçün deyil, bütün insanlar üçün olduğunu dünyaya xatırlatmağı tələb edib.
O bildirib ki, bu gün Rusiyada etnik azlıqlara qarşı törədilən zorakılıqlara səssiz qalmaq tarix qarşısında susmaq və gələcək fəlakətlərə yol açmaq deməkdir.
“Bu gün orada etnik azlıqlar hücuma məruz qalırsa, sabah bu başqalarının, bir gün isə sənin başına gələ bilər. İnsan haqları hər kəs üçündür”, — deyə Əhməd Şahidov Vaşinqtondan etdiyi çıxışında vurğulayıb.

