“Süni intellekt texnologiyaları insan hüquqları üçün həm imkan, həm də risk daşıyır” – Əhməd Şahidov Dohada keçirilən beynəlxalq konfransda iştirak edir


27-28 may 2025-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində “Süni İntellekt və İnsan Hüquqları: İmkanlar, Risklər və Daha Yaxşı Gələcək Naminə Baxış” adlı beynəlxalq konfrans keçirilib. Qətər Milli İnsan Haqları Komitəsi və BMT tərəfindən təşkil olunan bu mötəbər tədbirdə dünyanın müxtəlif ölkələrindən insan hüquqları üzrə mütəxəssislər, hüquq müdafiəçiləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və süni intellekt texnologiyaları sahəsində ekspertlər iştirak ediblər.

Beynəlxalq konfrans çərçivəsində hüquq müdafiəçisi Əhməd Şahidov tədbirlə bağlı qısa video müraciət edib.

Ayaqüstü verdiyi açıqlamada Əhməd Şahidov bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı bəşəriyyət üçün yeni imkanlar açmaqla yanaşı, insan hüquqları və azadlıqları üçün də ciddi risklər yaradır. Onun sözlərinə görə, bu gün süni intellektin informasiya təhlükəsizliyi, şəxsi həyatın məxfiliyi, ifadə azadlığı və diskriminasiya hallarına təsiri müzakirə mövzusuna çevrilib.

Əhməd Şahidov qeyd edib ki, Azərbaycan da bu prosesdən kənarda deyil və ölkəmizdə də bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Hüquq müdafiəçisi vurğulayıb ki, süni intellektin insan hüquqları ilə ziddiyyətə düşməməsi üçün beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi vacibdir.

“Bugünkü tədbir beynəlxalq səviyyədə bu problemlərin həll yollarının axtarılması və süni intellekt texnologiyalarının insan hüquqlarına hörmət çərçivəsində tənzimlənməsi baxımından önəmli bir platformadır. Biz də Azərbaycan nümayəndə heyəti olaraq burada öz mövqeyimizi ifadə etdik, təcrübəmizi bölüşdük və gələcək əməkdaşlıq üçün yeni tərəfdaşlıqlar qurduq,” – deyə Əhməd Şahidov bildirib.

Qeyd edək ki, beynəlxalq tədbir çərçivəsində hüquq müdafiəçiləri, dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri süni intellektin insan hüquqlarına təsiri və bu sahədə risklərin qarşısının alınması yollarını geniş müzakirə edirlər.