Əhməd Şahidov ATƏT`in Vyana toplantısında Hindistanın Kəşmirdə törətdiyi hüquq pozuntularını ifşa edib


Mayın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT-in Finlandiya Sədrliyi tərəfindən “Vətəndaş cəmiyyətinin mühafizəsi: Hüquq müdafiəçilərinin və dinc toplaşma azadlığının rolu” mövzusunda iki günlük toplantı öz işini davam etdirib.

57 ölkənin səfirləri, diplomatları və rəsmi nümayəndələrinin qatıldığı tədbirdə ATƏT məkanında vətəndaş cəmiyyətinin müdafiəsi, insan hüquqları müdafiəçilərinin fəaliyyəti, dinc toplaşma azadlığının təmin edilməsi və bu sahədə mövcud çağırışlar müzakirə olunub.

Toplantıda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov panel müzakirəsində çıxış edib. Əhməd Şahidov çıxışında Cənubi Asiyada Hindistan tərəfindən insan hüquqları müdafiəçilərinə qarşı təzyiqlər, Kəşmir bölgəsində insan hüquqlarının kütləvi şəkildə pozulması, müharibə cinayətləri ilə bağlı Bakıdakı məhkəmə prosesi və regionda nüvə müharibəsi riskinin Avropanın təhlükəsizliyinə yaratdığı təhdidlər barədə danışıb.

O, çıxışının əvvəlində erməni həmkarının bəyanatına münasibət bildirərək qeyd edib ki, insan haqları məsələlərinin siyasi manipulyasiya predmetinə çevrilməsi yolverilməzdir. Əhməd Şahidov bildirib ki, Bakıdakı məhkəmə proseslərində mühakimə olunan erməni əsilli şəxslər müharibə cinayətləri və terrorçuluğun maliyyələşdirilməsində iştirak ediblər. Hüquq müdafiəçisi şəxsən həmin məhkəmədə iştirak etdiyini və Araik Harutyunyan, Ruben Vardanyan və digər şəxslərin verdiyi etiraf ifadələrinin bu cinayətləri bir daha sübut etdiyini vurğulayıb. O, beynəlxalq həmkarlarını da bu prosesləri şəxsən izləməyə dəvət edib.

Daha sonra Əhməd Şahidov çıxışında Kəşmirdə beynəlxalq təşkilatların, o cümlədən Amnesty International və BMT-nin hesabatlarında əks olunan insan hüquqları pozuntularını diqqətə çatdırıb. O, Hindistanın bölgədə tətbiq etdiyi zorakılıqlar, söz və toplaşma azadlığının məhdudlaşdırılması, hüquq müdafiəçilərinin və jurnalistlərin həbsi kimi faktlara toxunaraq beynəlxalq ictimaiyyəti bu məsələdə daha prinsipial mövqe sərgiləməyə çağırıb.

Çıxışının sonunda hüquq müdafiəçisi Cənubi Asiyada artan nüvə təhlükəsinə diqqət çəkərək bildirib ki, regionda baş verə biləcək hərbi eskalasiya yalnız yerli yox, Avropa və qlobal təhlükəsizliyə də ciddi təhdid yaradacaq. O, həmçinin panel iştirakçılarını Kəşmirdəki insan hüquqları pozuntuları ilə bağlı öz mövqelərini bildirməyə və bu məsələyə münasibət bildirməyə dəvət edib.