Mayın 5-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT-in Finlandiya Sədrliyi tərəfindən “Vətəndaş cəmiyyətinin mühafizəsi: Hüquq müdafiəçilərinin və dinc toplaşma azadlığının rolu” mövzusunda iki günlük toplantı öz işini davam etdirib.
57 ölkənin səfirləri, diplomatları və rəsmi nümayəndələrinin qatıldığı tədbirdə ATƏT məkanında vətəndaş cəmiyyətinin müdafiəsi, insan hüquqları müdafiəçilərinin fəaliyyəti, dinc toplaşma azadlığının təmin edilməsi və bu sahədə mövcud çağırışlar müzakirə olunub.
Toplantıda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov panel müzakirəsində çıxış edib. O, çıxışında dinc toplaşma azadlığının və insan hüquqları müdafiəçilərinin rolunun önəmini vurğulayıb. Əhməd Şahidov Azərbaycanın bu sahədəki mövcud hüquqi çərçivəsi və vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarına toxunub.
Eyni zamanda o, Ermənistandakı insan hüquqları durumuna da diqqət çəkərək, son dövrlərdə bu ölkədə müxalifətin və müxtəlif ictimai qrupların toplaşmaq hüququ ilə bağlı yaranan narahatlıqları qeyd edib. Hüquq müdafiəçisi bu mövzuda ATƏT məkanında vahid və ədalətli standartların tətbiqinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində region ölkələrinin təcrübələri və beynəlxalq tövsiyələr də bölüşülüb.