AŞPA-nın Yaz Sessiyasına baxış: Azərbaycanın iştirakı olmadan keçirilən müzakirələr və qərəzli çıxışlar


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2025-ci il Yaz Sessiyası 7–11 aprel tarixlərində Strasburqda keçirildi və bu gün rəsmi olaraq başa çatdı. Sessiya çərçivəsində Avropa məkanında baş verən mühüm siyasi və hüquqi proseslər, insan hüquqları və demokratiya məsələləri ətrafında geniş müzakirələr aparıldı.

Gündəliyə çıxarılan əsas məsələlər sırasında Gürcüstandakı vəziyyət və AŞPA-nın 2585 (2025) saylı qətnaməsinə əsasən bu ölkənin parlament nümayəndə heyətinin hələ təsdiqlənməmiş mandatlarının məzmun baxımından mübahisələndirilməsi xüsusi yer tutdu. Eyni zamanda İstanbulun meri Əkrəm İmamoğlunun həbsi fonunda Türkiyədə demokratiya və insan hüquqlarının durumu da gündəmə gətirildi. Sessiyanın daha bir mühüm mövzusu isə Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsi və bu kontekstdə beynəlxalq hüquq çərçivəsində cavabdehlik və cəzasızlığın qarşısının alınması məsələsi oldu.

Sessiyada Ermənistan nümayəndələrinin çıxışlarında Azərbaycana qarşı qərəzli və birtərəfli fikirlər səsləndirildi. Təəssüf ki, Azərbaycan nümayəndə heyətinin 2024-cü ilin yanvar ayından etibarən AŞPA-dan uzaqlaşdırılması bu tip iddiaların dərhal yerində cavablandırılmasına imkan vermədi. Bu fakt bir daha göstərir ki, Azərbaycanın bu cür beynəlxalq platformalarda iştirakı milli maraqların qorunması, haqq səsimizin çatdırılması və təbliğata cavab verilməsi baxımından həyati əhəmiyyət daşıyır.

Sessiyanı yerində izləyən hüquq müdafiəçisi Əhməd Şahidov AŞPA-nın Yaz Sessiyası müddətində müzakirə olunan məsələləri yaxından təqib edib və bununla bağlı yekun video müraciət yayımlayıb. O, çıxışında AŞPA-nın Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün mühüm bir platforma olduğunu vurğulayıb. Əhməd Şahidov bildirib ki, beynəlxalq təşkilatlarda iştirak etməmək Ermənistan və digər dairələrin bu tribunalardan Azərbaycan əleyhinə istifadə etməsinə şərait yaradır və məhz buna görə Azərbaycan bu və digər platformalarda təmsil olunmalı, milli maraqlarını müdafiə etməlidir. O əlavə edib ki, gələcəkdə də müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə iştirak edərək Azərbaycanı fəal şəkildə təmsil edəcək.