Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə başlayıb. 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunub.
Oktyabrın 10-da keçirilən müzakirələr “Tolerantlıq və qeyri-diskriminasiya: qadın və kişi bərabərliyi, qadınlara qarşı zorakılıq halları” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda qadınların hüquqları barədə danışıb. Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov məişət zorakılığı, erkən nikahlar və qızların təhsildən yayınması halları barədə də danışıb.
Azərbaycan Ombudsman Aparatının fəaliyyətinə diqqət çəkən hüquq müdafiəçisi Əhməd Şahidov qadın hüquqları sahəsində Ombudsman Səbinə Əliyevanın fəal işlər apardığını və regionlarda məişət zorakılığına məruz qalan qadınların müdafiəsi sahəsində Ombudsman Aparatının sistemli iş apardığını bildirib.