Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə başlayıb. 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunub.
Oktyabrın 9-da keçirilən müzakirələr “Tolerantlıq və qeyri-diskriminasiya: milli azlıqların hüquqları” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda yaşayan milli azlıqların hüquqları barədə danışıb.
Özünün doğulduğu Qax rayonunda gürcü, saxur, ləzgi, avar, tat və digər xalqların minlərlə nümayəndəsinin bərabər şəkildə yaşadığını diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın ATƏT`dəki nümayəndəliyinin müavini Lilit Qriqoryanın çıxışına cavab olaraq, bildirib ki, Azərbaycanda 40 min erməni vətəndaş yaşayır və onlar Azərbaycan cəmiyyətinin ayrılmaz parçasıdır.