Əhməd Şahidov ATƏT`in Varşava toplantısında Qərbi Azərbaycan məsələsini qaldırdı – Evlərinə qayıtmalıdırlar!

Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə başlayıb. 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunub.

Oktyabrın 7-də keçirilən müzakirələr “Fundamental azadlıqlar: sərbəst toplaşmaq azadlığı və dini inanc azadlığı” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov çıxışının əvvəlində ABŞ səfirinin Azərbaycanla bağlı tənqidi çıxışına cavab verib və bildirib ki, Azərbaycan dini radikalizm və terrorizmə qarşı fəal mübarizə aparır. Əfqanıstanda ABŞ`ın terrorla mübarizə tədbirlərinə fəal dəstək vermiş Azərbaycan bugün Vaşinqtondan sanksiyalarla üzləşir və bu, ikili standartdır.

Daha sonra Ermənistandan olan çıxışçının Qarabağda yaşayan ermənilərlə bağlı çıxışına cavab verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Azərbaycan tərəfi Qarabağ ermənilərinin öz evlərinə qayıtmasına qarşı deyil. Qarabağda doğulmuş ermənilər Azərbaycan vətəndaşı olaraq, geri qayıda bilərlər. Eyni zamanda Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar da öz dədə-baba torpaqlarına geri dönməli və tarixi ədalət bərpa olunmalıdır: “Əgər biz tarixi ədalətdən danışırıqsa və insan haqları məsələsini qabardırıqsa, o zaman müxtəlif illərdə Zəngəzurdan qovulmuş etnik azərbaycanlıların da öz torpaqlarına geri qayıtmaq hüququnu tanımalıyıq. Bu məsələdə ikili standartlar yolverilməzdir.”