Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə başlayıb. 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunub.
Oktyabrın 3-də keçirilən müzakirələr “Qanunun aliliyi: terrorla mübarizə və insan haqları” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda saxlanılan erməni əsilli terrorçular Ruben Vardanyan, Arkadiy Qukasyan, Vardan Oskanyan, Bako Saakyan və digərləri barədə danışıb.
Azərbaycan xalqına və dövlətinə qarşı müharibə cinayətləri törətmiş erməni separatçı-terrorçuların məhkəmə prosesi və saxlama şəraiti barədə məlumat verən hüquq müdafiəçisi Əhməd Şahidov qeyd edib ki, həmin şəxslərin hüquqları tam təmin edilir və onlar mütəmadi olaraq, həkim müayinəsindən keçir, ailələri ilə telefon əlaqəsi yaradırlar.