Əhməd Şahidov Azərbaycanda keçirilmiş Milli Məclisə seçkilər barədə ATƏT`də danışdı – Rəsmi nəticələr reallığı əks etdirmir

Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə başlayıb. 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunub.

Oktyabrın 1-də günün ikinci yarısında keçirilən müzakirələr “Demokratik seçkilər” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 1 Sentyabr tarixində keçirilmiş Milli Məclisə növbədənkənar seçkilər barədə danışıb və özünün namizəd olduğu 113 saylı Qax-Şəki seçki dairəsində seçici fəallığının çox aşağı olduğunu diqqətə çatdırıb.

Vətəndaşların seçkiyə marağının olmadığını deyən hüquq müdafiəçisi Əhməd Şahidov Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrin reallıqdan uzaq olduğunu bildirib və Azərbaycanın ədalətli seçkilər üçün hələ uzun bir yol qət etməli olduğunu qeyd edib.