Azərbaycanın AŞPA`dakı mövqeyi və qarşımızda duran yeni hədəflər – Əhməd Şahidov Strasburqdan şərh edir

Əziz dostlar, dəyərli izləyicilər. Hamınızı xoş gördük.

Fransanın Strasburq şəhərindən salamlayıram sizi. Bugün burada Avropa Şurası Parlament Assambleyasının Yay Sessiyası öz işini davam etdirir.

46 ölkənin qanunverici orqanı nümayəndələrinin bir araya gəldiyi bu qurumda ümumən 306 deputat təmsil olunur ki, buradakı müzakirələrdə Avropa Şurası üzvü olan ölkələrdə insan haqları, demokratiya və qanunun aliliyi məsələləri həll olunur, qərarlar qəbul olunur.

Azərbaycan da AŞPA üzvü olaraq, illərdir ki, burada Strasburqda təmsil olunur. Hərçənd ki, bu ilin Yanvar ayında keçirilən Qış Sessiyası zamanı alman deputat Frank Şvabenin təşəbbüsü ilə qəbul edilən qərara əsasən, Azərbaycan nümayəndə heyətinin AŞPA`da iştirak hüququ 12 aylıq müddətinə məhdudlaşdırılıb, amma ölkəmiz hələ də AŞPA`nın tamhüquqlü üzvüdür.

2025`ci ilin Yanvar ayında AŞPA`da Azərbaycan nümayəndə heyəti ilə bağlı hansı qərar qəbul ediləcək, onu indidən demək bir qədər çətindir.

Çünki, 12 aylıq müddət ərzində Azərbaycan qarşısında bir sıra tələblər qoyulub ki, həmin tələblərin yerinə yetirilməyəcəyi təqdirdə növbəti 12 ay müddətinə də azərbaycanlı deputatlar AŞPA iclaslarına buraxılmaya bilər.
Təsadüf elə gətirib ki, AŞPA`nın növbəti Qış Sessiyasında artıq yeni Milli Məclis üzvləri olacaq və çox güman ki, Azərbaycanın AŞPA`dakı nümayəndə heyəti üzvləri də yeniləcək.

İstənilən halda AŞPA`da Azərbaycanın iştirakı və milli məsələlərlə bağlı müzakirələrdə öz səsini ucaltması bizim üçün önəmlidir və AŞPA`da iştirak edəcək yeni deputatlarımız bu kriteriyalar üzrə seçilməli və bu Avropa təşkilatında Azərbaycana qarşı səslənən iradlara yerində tutarlı cavablar verə bilməlidirlər.