İyunun 25`də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə “Dözümlülük və qeyri-diskriminasiya və gender bərabərliyi” mövzusunda iki günlük konfrans öz işini davam etdirib.
ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və hökumət rəsmilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında dözümlülük və qeyri-diskriminasiya və gender bərabərliyi məsələləri müzakirə edilib.
Toplantıda iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanda erkən nikahlar və qohum evliliklər barədə məlumat verib, bu sahədə Azərbaycan hökumətinin həyata keçirdiyi preventiv addımlar haqqında danışıb. Azərbaycan Parlamentinin qohum evlilikləri qadağan edən qanun layihəsini qəbul etdiyini toplantı iştirakçılarının diqqətinə çatdıran hüquq müdafiəçisi regionlarda, xüsusən də kənd yerlərində qeyri-qanuni olaraq, hələ də erkən nikahlara rast gəlindiyini qeyd edib.