İyunun 25`də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə “Dözümlülük və qeyri-diskriminasiya və gender bərabərliyi” mövzusunda iki günlük konfrans öz işini davam etdirib.
ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və hökumət rəsmilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında insan haqları və humanitar hüquq məsələləri müzakirə edilib.
Toplantıda iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov müsəlman ölkələrində qadın və qızların hüquqları barədə danışıb və Qətər Dövlətində qadınlara verilən dəyər barədə ayrıca danışıb. Qətər Dövlətinin qadın hüquqları üzrə son illər həyata keçirdiyi islahatlar barədə danışan Əhməd Şahidov Qətərin digər müsəlman-Ərəb ölkələri üçün örnək ola biləcəyini bildirib.
Toplantıda xüsusi məruzə ilə çıxış edən ATƏT sədrinin Anti-Semitizmlə Mübarizə üzrə şəxsi nümayəndəsi Rabbi Endryu Beyker dünyada artmaqda olan antisemitizm dalğası ilə bağlı narahatlığını ifadə edib və İsrail ordusunun Fələstində həyata keçirdiyi hərbi əməliyyatlara haqq qazandırmağa çalışıb.
ATƏT rəsmisindən sonra çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov Rabbi Endryu Beykerə müraciət edərək, antisemitizmin arzuolunan hal olmadığını bildirib və bunun səbəbini İsrail ordusunun Fələstində törətdiyi qətliamlarda axtarmağı məsləhət görüb: “Biz də istəyirik ki, bütün xalqlar və millətlər, dinlər və inanclar birlikdə sülh və dialoq şəraitində yaşasınlar. Amma dünyada İsraili tənqid edənlərin sayı günü-gündən artmaqdadır. Çünki, İsrail ordusu Fələstinin Qəzza, Rəfah və digər şəhərlərində qətliamlar törədir. Bugün minlərlə fələstinli qadın və uşaqlar İsrail həbsxanalarında işgəncələrə məruz qalırlar. Bu baxımdan bütün dünya İsraili tənqid edir”
Çıxışının sonunda ATƏT rəsmisinə ironik sual ünvanlayan Əhməd Şahidov “İsrail ordusu öldürəndə özünümüdafiə deyirsiz, amma kimsə İsraili tənqid edəndə adını antisemitizm qoyursuz. Biz dünyada kimin kim olduğunu yaxşı bilirik” dyərək nitqini bitirib.