“Mehriban Əliyevanın fəaliyyəti bir örnəkdir” – Əhməd Şahidov ATƏT`də gender bərabərliyindən danışıb

İyunun 24`də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə “Dözümlülük və qeyri-diskriminasiya və gender bərabərliyi” mövzusunda iki günlük konfrans öz işinə başlayıb.

ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və hökumət rəsmilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında insan haqları və humanitar hüquq məsələləri müzakirə edilib.

Toplantıda iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanda qadınların hüquqları və cəmiyyətdəki rolu barədə məlumat verib. 24 İyun – Beynəlxalq Diplomat Qadınlar Günü olduğunu diqqətə çatdıran Əhməd Şahidov Azərbaycanda dövlət idarəçiliyində qadınlarn yüksək mövqelər tutduğunu bildirib. Azərbaycan dövlətinin idarəçiliyində ikinci və üçüncü yerləri məhz qadınların tutduğunu diqqətə çatdıran Əhməd Şahidov ölkənin Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti barədə danışıb.

Təkcə ölkə daxilində deyil, xarici ölkələrdə də humanist fəaliyyəti ilə tanınan Mehriban Əliyevanın təşəbbüsü ilə Avropanın bir sıra ölkələrində kilsə və sinaqoqlar yenidən təmir olunub. Bu, həm də dünyaya tolerantlıq və multikulturalizm nümunəsidir.

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın dövlətçilik fəaliyyəti ölkədə xanımların təkcə sosial sahədə deyil, dövlətin idarə olunmasında da irəli çəkilməsinə səbəb olub. Bu baxımdan, Azərbaycanda qadın və kişilərin bərabər hüquq və imtiyazlara sahib olması digər ölkələr üçün örnək sayıla bilər.