“Yeni, çevik və peşəkar Parlament formalaşmalıdır” – Əhməd Şahidov Milli Məclisin buraxılmasını ARB24 kanalına şərh edib

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət ediblər. Bu barədə qərar iyunun 20-də YAP İdarə Heyətinin növbəti iclasında qəbul edilib. İndiki şəraitdə Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, son 5 ildə regionda və dünyada baş verən hadisələr, xüsusən də 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi, ardınca da dövlət suverenliyimizin bərpa olunması bugün Azərbaycanın qarşısında yeni reallıqlar və hədəflər formalaşdırıb. Bugün Azərbaycanın qarşısında Zəngəzur Koridoru, Qərbi Azərbaycan məsələsi dayanır ki, bu da yeni və güclü rəqiblərlə mübarizə aparmağa kökləyir bizi. Belə olan halda bütün sahələrdə güclənən Azərbaycanın Parlamenti də yeni hədəflərə uyğun, çevik və professional deputatlardan formalaşmalıdır.