Mayın 28`də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə “Media savadlılığı və demokratiya” mövzusunda iki günlük konfrans öz işini davam etdirib.
ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və hökumət rəsmilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında insan haqları və humanitar hüquq məsələləri müzakirə edilib.
Toplantıda iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov seçkilər zamanı media orqanlarında və sosial şəbəkələrdə aparılan qarayaxma kampaniyalarına diqqət çəkib və öz şəxsi təcrübəsini ATƏT üzvü olan diplomatlarla bölüşüb. 2015 və 2020-ci illərdə Azərbaycanda keçirilən Milli Məclisə seçkilər zamanı deputatlığa namizəd olduğunu deyən Əhməd Şahidov əsas rəqibinin sifarişi ilə bəzi yerli media orqanlarında özü barəsində şantaj, yalan və iftira dolu xəbərlərin dərc edildiyini bildirib. Bu kimi halların seçkilər ərəfəsində intensivləşdiyinə diqqət çəkən hüquq müdafiəçisi Əhməd Şahidov toplantı iştirakçılarının bu məsələyə münasibət bildirməsini xahiş edib.