Oktyabrın 9-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə davam edib.
Bugünkü müzakirələr “Qanunun Aliliyi – Demokratik qanunvericilik: Azad məhkəmələr, ədalətli hökmlər” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ilk növbədə İsrail-Fələstin müharibəsində öldürülən günahsız insanların haqlarını müdafiə edib, beynəlxalq hüquqa görə İsrail Dövlətinin işğal siyasəti yürütdüyünü və Fələstin torpaqlarını zəbt etdiyini bildirib.
BMT-nin Təhlükəszlik Şurasının İsrailin işğalçı siyasəti barədə yüzlərlə qətnaməsi olduğunu və bu qətnamələrin ABŞ tərəfindən veto edildiyini diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov Fələstin Dövlətinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmalı olduğunu bəyan edib.
Çıxışının ikinci hissəsində 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan dövlətinin Qarabağdakı terrorçuları həbs etdiyini və ədalət məhkəməsi qarşısına çıxardığını diqqətə çatdıran Əhməd Şahidov mühakimə ediləcək erməni terrorçuların qanunvericilikdə nəzərdə tutulan qaydada hüquqlarının təmin olunduğunu da diqqətə çatdırıb.