YAZIÇI-DRAMATURQ KAMAL ABDULLANIN SAYTI YARADILDI

Əhməd Şahidov: “Dəyərli ziyalılarımızın, alim və yazıçılarımızın külliyatının elektronlaşdırılması bu dəyərlərin qorunması və təbliğ olunması nöqteyi-nəzərindən çox əhəmiyyətlidir”
Bu günlərdə Azərbaycan yazıçısı, alimi, ictimai xadimi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdullanın fərdi internet saytı yaradılıb. Zəngin yaradıcılığa malik Kamal Abdullanın bütün yaradıcılığı – bədii əsərləri, şeirləri, hekayə və romanları, esse və pyesləri, o cümlədən dilçiliklə bağlı dəyərli elmi əsərləri internet istifadəçilərinin istifadəsinə verilmişdir. www.kamalabdulla.az ünvanında yerləşən bu saytda 1973-cü ildən başlayaraq bugünümüzə qədər Kamal Abdullanın dərc olunan məqalələri, müsahibələri, rəyləri ciddi biblioqrafik ardıcıllıqla təqdim olunub.

Layihənin rəhbəri olan gənc alim, fəlsəfə doktoru Əhməd Şahidovun sözlərinə görə, bucür ziyalıların, alim və yazıçıların əsərlərinin internetdə yerləşdirilməsi bugünün tələbidir: “Bugün Azərbaycanda ciddi şəkildə elektronlaşma gedir. Ölkə rəhbərliyi də E-Azərbaycan proqramının ikinci fazasının planını artıq təsdiq edib. Ölkəmiz inkişaf etdikcə, həyatın bütün sahələrində elektronlaşma, internetləşmə sürətlə inkişaf edir. Artıq müasir insanlar ədəbiyyatları, əsərləri kitabxanalardan, tozlu rəflərdən axtarmaqdansa, daha sürətli, daha səmərəli olan internetə üstünlük verirlər. İnternetdə qısa müddət ərzində istənilən kitabı və ya əsəri, istənilən müəllif barədə informasiyanı tapmaq mümkündür. Bu səbəbdən də biz Azərbaycanın tanınmış ziyalılarının, dəyərli elm və incəsənət xadimlərinin əsərlərini bir yerə toplayıb internet sayt şəklində nəinki Azərbaycan oxucusuna, bütün dünyaya təqdim edirik”.

Bundan əvvəl də Hüseyn Cavid və Cabir Novruzun internet saytlarını yaratdıqlarını bildirən Əhməd Şahidov bu dəfə filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın internet saytını yaratmaq qərarına gəldiklərini qeyd edir: “Biz Kamal müəllimin saytını yaratdığımız zaman həddindən artıq çoxlu sayda ədəbiyyat və elm əsərləri ilə qarşılaşdıq. Açığını desəm, müasir dövrümüzdə bu qədər əsər külliyatı olan bir ziyalının mövcudluğunu təsəvvür etmirdim. Kamal Abdullanın hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən yazdığı məqalələr, hekayələr, romanlar, şeirlər, elmi əsərlər məndə böyük marağa səbəb oldu. İşi bitirdikdən sonra özüm də sevindim ki, məhz bu şəxsiyyətin internet saytını yaratmışıq. Çünki, Kamal müəllimin bu qədər dəyərli əsərlərinin, bir insanın bioqrafiyasına sığa bilməyəcək qədər zəngin olan yaradıcılığının tarixin arxivində qalması, kitabxanaların tozlu rəflərində saxlanılması ədalətsizlik olardı. Qoy müasir gənclərimiz bucür insanların həyat və yaradıcılığı ilə yaxından tanış olsunlar, çünki bucür əsərlərdə gənclərin layiqli bir vətəndaş kimi böyüməsi üçün çox dəyərli informasiyalar gizlənir. Mən şəxsən Kamal Abdullanın əsərlərindən çox şey öyrənirəm”.

Qeyd edək ki, www.kamalabdulla.az saytında yazıçı-dramaturq, alim Kamal Abdullanın bir-birindən maraqlı əsərləri – şeir, hekayə, pyes, esse, roman və tərcümələri, o cümlədən elmi əsərləri, müxtəlif vaxtlarda dərc olunan müsahibələri və foto qalereyası təqdim olunub.

Xəbər Xidməti