Bugün Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in İnsan Haqları və Demokratik Təsisatlar Ofisinin təşkil etdiyi “Münaqişə zonalarında işgəncə faktları və beynəlxalq humanitar hüququn digər ağır pozulma halları” mövzusunda beynəlxlq konfrans öz işinə başlayıb.
ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və dövlət qurumları təmsilçilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında mövcud münaqişələr və işgəncə halları mövzusu geniş müzakirə olunub.
Tədbirdə çıxış edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ermənistan-Azərbaycan arasında son həftələr müşahidə olunan gərginlik fonunda erməni cəmiyyətində artan nifrət təbliğatı, o cümlədən İrəvanda Azərbaycan və Türkiyə Respublikalarının bayraqlarının yandırılması və Ermənistanın törətdiyi müharibə cinayətləri barədə danışıb.
Ermənistanda əsir olaraq saxlanılan və davamlı işgəncələrə məruz qalan iki Azərbaycan əsgəri – Aqşin Bəbirov və Hüseyn Axundov barədə danışan hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın beynəlxalq hüquq normalarının tələblərini kobud surətdə pozduğunu deyərək, ATƏT üzvü olan ölkələrin rəsmi Yerevana təzyiq göstərməsini istəyib.




