Polşada ATƏT Nazirlər Şurasının iclası başlayıb – Əhməd Şahidov Lodzdan Ulusal Kanala danışıb

Polşanın sədrliyi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının iclası başlayıb. Paytaxt Varşavadan təxminən 140 kilometr aralıda yerləşən Lodz şəhərində keçirilən konfrans 2 gün davam edəcək.

Polşanın xarici işlər naziri Zbiqnev Rau ATƏT-in fəaliyyətdə olan sədri kimi həmkarlarını qapıda qarşılayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 29-cu iclasında iştirak etmək üçün dünən Lodza səfər edib.

Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in baş katibi Helqa Şmidlə ikitərəfli görüşlər keçirib.

ATƏT Nazirlər Şurasının iclasında iştirak edən beynəlxalq əlaqələr üzrə mütəxəssis Dr. Əhməd Şahidov Lodzdan Ulusal Kanal üçün dəyərləndirmə aparıb.