EY TƏBRİZ…

Ürəyim qan ağlayır sən yadıma düşəndə,
Mənim ana laylamın ilk kəlməsisən, Təbriz!
Səni yadlar elində, yadlarla görüşəndə,
Hayqırıram göylərə, hayqırıram yerlərə
Təbriz, Təbriz, ey Təbriz!
Bilmirəm nə deyim bu hökmə, bu qərara,
Səni məndən qoparan tarixə lənət olsun.
Əsir oldun düşmənə, əsir oldun farslara,
Səni azad etməkçün Tanrı Türkə yar olsun.
Təbriz, Təbriz, ey Təbriz!
Türk oğluyam, qeyrətim sənin divarlarında
Savalan tək ucalan bülbülün sorağında
Getdim uçmuş Şuşama, dağılmış torpağıma
Xarı bülbül astaca pıçıldadı yanımda
Qarabağın açarı şanlı Təbrizdən keçir
Təbriz, Təbriz, ey Təbriz!
Səbr eylə Təbrizim, dediyim gün gələcək
Yenə əvvəlki kimi bütöv olacaq bu can.
Birləşəcək o taylı, bu taylı qardaşların,
Yaranacaq möhtəşəm, qüdrətli Azərbaycan!
Təbriz, Təbriz, ey Təbriz!
Səni unutmaq çətin, səni unutmaq günah,
Sonadək sənsizlikdə yaşamaq da düz deyil.
Sən Türkün olacaqsan, özünü saxla gümrah,
Sənsiz Azərbaycan da bizə heç lazım deyil.
Bu yolda şəhid olsaq, yenə qorxmarıq, inan
Azərbaycan Təbrizdir, Təbriz də Azərbaycan!
Əhməd ŞAHİDOV
02 İyul 2010-cu il, saat 02:45, Bakı, Azərbaycan