Əldən qalan əlli il qalar, dildən qalan ömürlük…

dilDilimizin saflığının qorunması mümkündürmü?
Azərbaycan Respublikasında yaşayırıq və bu ölkənin vətəndaşıyıq. Bu ölkənin vətəndaşı kimi bizi digər insanlardan fərqləndirən özünəməxsus cəhətlərimiz var. Bayrağımız, gerbimiz, himnimiz və dilimiz. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində açıq şəkildə qeyd olunur: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bir çox dilçilər Azərbaycan dili deyil, Türk dili ifadəsi işlədirlər. Əslində onlar haqlıdırlar, çünki Azərbaycan dili təsnifat baxımından Altay dil ailəsinin Türk dilləri sinfinin Oğuz qrupuna daxil olan bir Azərbaycan türkcəsidir. Lakin bu dəfəki yazıda dilimizin konkret necə adlandırılmasından deyil, dilimizin gündəlik olaraq məişətdə, işdə, evdə, məclislərdə necə istifadə olunması, kənar ünsürlərin dilimizə nüfuz etməsi və nəticədə dilimizin saflığının korlanması məsələlərindən danışacayıq.

Dil hər bir dövlətin milli rəmzidir və ona sayqı ilə yanaşmaq həm borcumuzdur, daha dərinə getsək, həm də qanunla nəzərdə tutulan vəzifəmizdir. Azərbaycan bayrağını harada gəldi asmaq və əzib zibil qabına atmaq cinayət məsuliyyətidirsə, himnimiz səslənəndə ayağa qalxıb sağ əlini ürəyinin üstünə qoymaq mənəvi borcumuzdursa, Azərbaycan dilinə hörmət etmək və həmin dildə səlist danışmaq həm qanuni vəzifəmiz, həm də mənəvi borcumuzdur. Əfsuslar olsun ki, bu vəzifə və borcumuzu əksər hallarda unuduruq. Buna kifayət qədər “tutarlı” səbəblər də tapa bilirik. Bəziləri rusdilli məktəbi bitirdiyini, bəziləri uzun müddət xaricdə yaşadığını, digərləri isə daha müasir görünmək məqsədilə əcnəbi kəlmələrdən istifadə etdiyini bəhanə edərək dilimizə yad kəlmələr gətirir, əslində qarışıq və anlaşılmaz bir tərzdə ünsiyyət qururlar.

Əvvəlcə Azərbaycan dili barədə qısa ensiklopedik məlumat vermək istərdim. İstərdim bu dilin daşıyıcıları, eləcə də əcnəbilər Azərbaycan dilinin əslində kimlərin dili olduğunu və daha çox hansı ərazilərdə yayıldığını öyrənsinlər.
Qeyd edim ki, Azərbaycan dili Türk dilləri qrupuna aid bir dil kimi Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasında rəsmi dövlət dilidir. Azərbaycan dilindən rəsmi dövlət dili olduğu Azərbaycan Respublikasıyla yanaşı İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna ərazisində də geniş istifadə olunur. Hal-hazırda bütün dünyada 50 milyon insan məhz bu dildə danışır. Azərbaycan Respublikası ərazisində bu dilin 4 dialekti var:

Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
Qərb dialekti — Qazax, Qarabağ, Gəncə dialektləri
Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri

Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Bu o deməkdir ki, yalnız tələffüz zamanı hər hansı müəyyən fərqliliklər müşahidə oluna bilər, lakin bütün dialektlər təmiz Azərbaycan dili hesab edilir. Azərbaycan türkcəsi Türkiyə türkcəsinə və qıpçaq türkcəsinə daha yaxındır. Fonetik xüsusiyyətinə görə “ə” foneminin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir. Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanıb. Səlcuq və Osmanlı türkləri X əsrdən başlayaraq ərəb əlifbasını əsas tutmuş və həm bu əlifbayla, həm də fars əlifbası ilə çoxlu dəyərli əsərlər yaratmışlar. Ərəb əlifbası Azərbaycan dilinin özünü ifadə etməsi üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifbayla Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb. 1929-cu ilə kimi ərəb qrafikalı əlifba Azərbaycan dilinin rəsmi əlifbası olub. Azərbaycan dili 1929-1939-cu illərdə latın əlifbası, 1939-1991-ci illərdə kiril əlifbası ilə yazılıb. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilib. Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə bu günün özündə də ərəb əlifbasıyla yazıb-oxuyurlar. Bunun əsas səbəbi İranda Azərbaycan dilində məktəblərin olmaması və Azərbaycan türklərinin fars dilində təhsil almaq məcburiyyəti qarşısında qalmalarıdır. Hazırda İranda heç bir təhsil ocağında latın əlifbalı Azərbaycan dili tədris olunmur. Cənubi azərbaycanlılar Azərbaycan dili ilə əsasən məişət səviyyəsində tanışdırlar və bu dildən gündəlik ünsiyyətdə geniş istifadə edirlər.

Azərbaycan dilinin Vətəni və rəsmi istifadə olunduğu torpaq Azərbaycandır. Odur ki, bu dilin milli-mənəvi özəlliklərini qorumaq da məhz bizlərin öhdəsinə düşən bir vəzifədir. Gündəlik olaraq, televiziya və radiolarda, küçədə, hətta bəzi qəzetlərdə də Azərbaycan türkçəsinin nə səviyyədə istifadə edildiyinin şahidi oluruq. Dilimizə ən müxtəlif dillərdən – rus, ingilis, fars və digər əcnəbi dillərdən sözlər və kəlmələr daxil olmaqdadır. Yəqin ki, böyük əksəriyyət “Ok, koneçno, davay, poka, vau, Oh my God, ladno” və digər əcnəbi sözləri yaxşı tanıyırsız. Demək olar ki, gündəlik istifadəmizdə olan sözlərdir. Hətta onları əvəz edə biləcək Azərbaycan əsilli söz qarşılığını da tapmaqda çətinlik çəkənlər var. Bunun əsas səbəbi isə təbii ki, savadsızlıq və öz kimliyinə laqeydlikdir. Bəzi insanlar isə həmin kəlmələrin Azərbaycan dilindəki alternativini bilə-bilə yenə də əcnəbi tərcüməsini işlətməyə üstünlük verirlər və bunu sanki müasirlik və intellektuallıq kimi dəyərləndirirlər. Hətta sırf Azərbaycan dilində, Azərbaycan türkcəsndə danışan insanları “geri qalmış və çuşka” kimi çağırırlar.

Əslində dilin qorunması uzun sürən bir prosesdir. Hansısa konkret qanunla bunu tənzimləmək və Azərbaycan dilində danışarkən əcnəbi kəlmə işlətməyi qadağan etmək qeyri-mümkündür. Bu, əslində millətin təfəkkürünün oyanması və milli kimliyinin dərk olunması kimi ciddi və inqilabi bir prosesin başlanması ilə həll oluna bilər. Çünki, Avropaya inteqrasiya edən, Rusiya və İran kimi çox millətli ölkələrin qonşuluğunda yerləşən, günü-gündən dünyanın idman, biznes və mədəniyyət mərkəzinə çevrilən Azərbaycan üçün, onun vətəndaşları üçün milli dilin özəlliklərini qoruyub saxlamaq daha da çətinləşir. Azərbaycan türkcəsində danışarkən tez-tez əcnəbi kəlmələr işlədən insanlar bunu Azərbaycan dilinin zəngin olmaması və bir sıra terminlərin adının bizim dildə qarşılığının olmaması ilə izah etməyə çalışırlar. Bu məsələ ilə bağlı hörmətli dilçi alimimiz, dəyərli akademik Kamal Abdullayevlə dialoqum olmuşdu. Yadımdadır, Kamal müəllim deyirdi ki, dünyanın heç bir dili əslində başqa dildən nə zəngin, nə də qeyri-zəngin sayıla bilməz. Nədir zənginlik və ya qeyri-zənginlik?! Hansı özəlliklərinə görə biz hər hansı dili zəngin və ya qeyri-zəngin adlandıra bilərik?! Əgər, bir terminin hər hansı dildə çoxlu adı varsa, biz mütləq həmin dili zəngin adlandırmalıyıqmı? Onda gərək, eskimo dili dünyanın ən zəngin dili elan olunsun. Çünki, məhz eskimo dilində adi bir “qar” sözünün 40-a yaxın adı var: səhər vaxtı yağan qar, günorta vaxtı yağan qar, axşamüstü yağan qar və sairə. Hamısı da ayrı-ayrı mənanı daşıyır, amma hamısı son nəticədə qar mənasını verir.

Deməli, dilin zənginliyi həmin dildə yazılan tarixi əsərlərin, roman, povest, şeir və hekayələrin çəkisindən asılıdır. Dolayısıyla hər hansı dilin zənginliyi həmin dilin daşıyıcılarının öz dilinə münasibətindən asılıdır. Yəni ki, biz öz dilimizdə elə əsərlər yarada bilərik ki, bütün dünya həmin əsərlərdən danışa bilər və o əsərləri orijinalda oxumağa can atarlar. Nəticədə Azərbaycan dilini öyrənərlər və dilimiz dünyada zəngin və məşhur dillərdən hesab olunar. Heç şübhəsiz ki, dünyanın aparıcı dillərinin məhz ingilis və rus dilləri olması nəhəng şəxsiyyətlərin məhz həmin dildə yazıb-yaratmalarının məntiqi nəticəsidir. Odur ki, ilk öncə özümüz öz dilimizə hörmətlə yanaşmalı, danışarkən əcnəbi kəlmələr işlətməməliyik ki, digər millətlərin nümayəndələri də Azərbaycan türkcəsinə hörmətlə yanaşsınlar, onu öyrənsinlər.

Hər bir insan çoxlu dildə danışa bilər. Hətta mən deyərdim ki, bilməlidir də. Çünki, insan nə qədər çox dil bilsə, bir o qədər də şəxsiyyət hesab edilir. Onun düşüncə tərzi mənsub olduğu cəmiyyətlə deyil, başqa-başqa dünya və sivilizasiyaları da əhatə edir. Tarixə nəzər salaq. Əfsanələrə görə, Budda 150-ə yaxın dil bilirdi, Məhəmməd Peyğəmbər isə bütün dillərdə danışırdı. Əfsanələr bir kənara, konkret tarixi faktlara nəzər yetirsək, dünyanın ən dahi poliqlotu – dilmancı olan Vatikan kitabxanasının sahibi Cuzeppe Kaspar Metsofantinin (1774 – 1849) adını çəkə bilərik. Belə ki, əsas Avropa dillərindən savayı, o, eston, latış, gürcü, erməni, alban, kürd, Türk və fars dillərini bilirdi. “Ginnesin rekordlar kitabı”nda qeyd edilir ki, Metsofanti 26 dildə təmiz danışırdı.

Çox dil bilmək həqiqətən də yüksək intellekt və savadın göstəricisi sayıla bilər. Amma bu heç kimə əsas vermir ki, həmin dilləri bir-birinə qarışdırsın və ən əsası öz ana dilinin leksikonunu korlasın. Günümüzdə də bir çox məmurlar, vəzifə adamları doğma Azərbaycan dilində danışmaqda çətinlik çəkirlər. Yalnız rəsmi tədbirlərdə və çıxışlarda Azərbaycan dilində danışırlar. Qeyri-rəsmi danışıqlar zamanı isə əsasən rus dilindən və ya Azərbaycan-rus qarışıq leksikonundan istifadə edirlər. Tarix boyu, elə indi də bir çox tanınmış insanlar öz tərcümyi-hallarını hazırlayarkən süni olaraq, bir-neçə əcnəbi dil bildiklərini qeyd edir və bununla hər hansı siyasi divident qazanmağa və insanların gözündə savadlı görünməyə çalışırlar. Məsələn, hələ Sovet dövründə danışırdılar ki, Lenin 11 dil bilir. Lakin sonradan arxivlərin açılmasından sonra məlum olmuşdur ki, əslində Lenin poliqlot olmayıb. Hamı kimi o da inqilaba qədərki gimnaziyanı bitirib və fransız, alman dillərini bilib, daha sonralar isə ingilis dilini öyrənib. Bundan başqa, Vladimir İliç Lenin həmin dillərdə heç də sərbəst danışa bilməyib.

Bir filoloq kimi sonda qeyd edim ki, əcnəbi dilləri daha asan və tez öyrənmək üçün ilk növbədə ana dilində səlist danışmağı bacarmaq lazımdır. Belə ki, əcnəbi dilin mənimsənilməsi zamanı ən çətin mərhələ bu dilin fonetiкasının öyrənilməsidir. Bu məsələ ilə bağlı daha ətraflı araşdırmanı “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu” adlı namizədlik dissertasiyamı yazarkən aparmışam: “… İkinci dilə yiyələnmənin əsas fonetiк interferensiyası ana dilin fonetiк bazasının özünəməxsus xüsusiyyətləridir, amma bu, yalnız xarici dilin fonoloji sisteminin şifahi formada ifadəsi zamanı meydana çıxır. Bu, daha çox bir dildə bu və ya digər fonem birləşmələrinin mövcudluğu, digər bir dildə isə əksinə, onların olmaması ilə, həm də nitq axınında samitlərdən saitlərə və əksinə, saitlərdən samitlərə artiкulyasiya keçidlərinin qavranılması zamanı meydana çıxan çətinliklərlə bağlıdır”.

Odur ki, ilk növbədə özümüzə hörmət edək, öz milli kimliyimizə, mənsub olduğumuz milli dəyərlərə sayqı ilə yanaşaq və bizi biz edən dilimizi qoruyub saxlayaq. Çünki, bir milləti məhv etmək üçün ilk növbədə onun dilini məhv edirlər.

PhD Əhməd Şahidov