Qaxlı gənc müəllim: “20 ildir ki, deputatımız söz verir ki, kənddəki məktəbimizi təmir etdirəcək”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov ötən gün Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirib. Bir qrup Qax sakinləri qarşısında çıxış edən Əhməd Şahidov öz platformasını açıqlayıb və qaxlıları düşündürən məsələlər ətrafında fikirlərini bölüşüb.

Qarşılıqlı diskussiya şəraitində keçən görüş zamanı çıxış edən Qax sakini, Azərbaycan dili və ədəbiyyatı müəllimi Lətif Nurməmmədov 20 ildir ki, Qaxın deputatı olan Azər Kərimlinin fəaliyyətsizliyi barədə söz açıb. Qaxlı gənc müəllimin sözlərinə görə, hələ 20 il əvvəl seçiciləri qarşısında çıxış edərkən Azər Kərimli söz vermişdi ki, Qum kəndinin məktəbini təmir etdirəcək və 20 ildən sonra bugün kənd məktəbi yenə də həmin vəziyyətdədir, deputat isə hələ 5 il də Qaxı Parlamentdə təmsil etmək istəyir. Lətif Nurməmmədovun çıxışı zalda əyləşənlərin alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com