112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov ötən gün Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirib. Bir qrup Qax sakinləri qarşısında çıxış edən Əhməd Şahidov öz platformasını açıqlayıb və qaxlıları düşündürən məsələlər ətrafında fikirlərini bölüşüb.
Qarşılıqlı diskussiya şəraitində keçən görüş zamanı çıxış edən Qax sakini, Türkiyənin Recep Tayyip Erdoğan Universitetinin tələbəsi Turqut Əhmədov çox təsirli çıxış edib və üzünü Qax gənclərinə tutaraq, “Gəlin, bir az da qaxlı olaq, mərd olaq və qaxlıya səs verək” deyərək, çağırış edib. Turqut Əhmədovun çıxışı zalda əyləşənlərin alqışları ilə müşayiət olunub.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com