Əhməd Şahidov beynəlxalq təşkilatları Qaxa dəvət etdi: “Gəlin və demokratik seçkini özünüz görün”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq insan haqları təşkilatlarına, seçki müşahidə missiyaları və hüquq müdafiəçilərinə video müraciət edib və seçkiləri yaxından izləmək üçün Qax rayonuna dəvət edib. Ölkə başçısı cənab İlham Əliyevin son aylar uğurla həyata keçirdiyi islahatlar dalğasına diqqət çəkən Əhməd Şahidov Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin demokratik və şəffaf şəkildə baş tutacağına inamını ifadə edib və bütün beynəlxalq müşahidəçiləri 112 saylı Qax seçki dairəsində baş tutacaq səsvermələri yaxından izləməyə və demokratik seçkini öz gözləri ilə görməyə dəvət edib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com