112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonunun Qum kəndində olarkən küçədə bir qrup kənd sakini ilə ayaqüstü söhbət edib. Seçki öncəsi platforması barədə qısa məlumat verən deputatlığa namizəd Əhməd Şahidov Qum kəndinin qayğıları ilə yaxından maraqlanıb və kənd sakinlərinin fikirlərini dinləyib. Son 20 ildə bircə dəfə də Qaxın deputatını görmədiklərini deyən kənd sakinləri növbəti 5 ildə daha fəal və savadlı, ən əsası da qaxlılara canı yanan deputatı görmək istəyirlər.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com