“Qax rayonunda Xocalı Soyqırımına abidə ucaldılsın” – Əhməd Şahidov mühüm təkliflə çıxış edib

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov ötən gün Qaxda səfərdə olub. Xocalı Soyqırımının ildönümü ilə bağlı rayondakı Şəhidlər Xiyabanını ziyarət edən Əhməd Şahidov şəhidlərin əziz xatirəsini yad edib, onların ruhuna dualar oxuyub və məzarları üzərinə tər çiçəklər sərib.

Daha sonra video müraciət edən Əhməd Şahidov Qax rayonunda Xocalı Soyqırımı qurbanlarına hər hansı abidənin olmadığını təəssüflə qeyd edib və bu məsələ ilə bağlı Qax rayonu rəhbərliyinə müraciət edib. Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” beynəlxalq kampaniyasını xatırladan Əhməd Şahidov bütün dünyada bununla bağlı tədbir, aksiya, konfrans və mitinqlərin keçirildiyini, dünyanın müxtəlif şəhərlərində Xocalı qurbanlarının əziz xatirəsinə abidələr ucaldıldığını diqqətə çatdırıb.

Qax rayonunun da bu siyasətdən kənarda qalmayacağına ümid etdiyini deyən Əhməd Şahidov Xocalı Soyqırımının növbəti ildönümündə Qaxın ən mötəbər yerində soyqırım qurbanlarının əziz xatirəsinə möhtəşəm bir abidənin ucaldılacağına inandığını bildirib.

Bu yazını Facebookda şərh et