“AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov

Yanvarın 22-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyası öz işinə başlayır. Yanvarın 26-a qədər davam edəcək Qış Sessiyasında quruma yeni prezident və İnsan Haqları üzrə Komissar seçiləcək.

Qış Sessiyasında müzakirəyə çıxarılacaq məsələlər əsasən münaqişə zonalarındakı humanitar fəlakətlər, sülh və barışın əldə olunması, dözümlülük və tolerantlıq, Avropada anti-semitimizm, İslamofobiya və ksenofobiya hallarının artması ilə bağlı olacaq.

Konkret olaraq, Ukraynadakı mövcud münaqişə ocaqlarındakı humanitar fəlakətlə bağlı müzakirələr aparılacaq, İsrail və Fələstin arasında sülhün əldə edilməsi yolları araşdırılacaq, Avropa Şurasının baş katibi öz prioritetlərini açıqlayacaq, İnsan Haqları üzrə Komissar isə 2017-ci il üçün illik hesabatını təqdim edəcək.

AŞPA-nın Qış Sessiyası zamanı qonaq qismində Danimarka şahzadəsi, Avstirya və Ermənistan prezidentləri də çıxış edəcəklər. Bu baxımdan AŞPA-nın bu dəfəki Sessiyası Azərbaycan üçün də əhəmiyyətlidir və nümayəndə heyətimiz Qış Sessiyasına ciddi hazırlaşır. Məsələ ilə bağlı Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, AŞPA-nın Qış Sessiyasında Azərbaycan vətəndaş cəmiyyətini təmsil edəcək hüquq müdafiəçisi Əhməd Şahidovun fikirlərini öyrəndik.

Bu dəfəki sessiyaya ciddi hazırlaşdıqlarını deyən Əhməd Şahidov CBC Azərbaycan Televiziyasına müsahibəsində AŞPA üzvlərinə Dağlıq Qarabağ münaqişəsi və onun humanitar fəsadları barədə məlumat verəcəklərini deyib: “Bu sessiya bizim üçün çox önəmlidir. İlk növbədə, AŞPA-ya yeni prezident və İnsan Haqları üzrə Komissar seçiləcək. Qurumun yeni prioritetləri elan ediləcək. Müzakirələrin əsas hissəsi münaqişələr və onların fəsadları, qaçqınlar və mülki insanların hüquqları ilə bağlı olacaq. Bu mövzu Azərbaycan üçün də prioritetdir. Bu baxımdan düşünürəm ki, AŞPA Sessiyası zamanı Dağlıq Qarabağ münaqişəsini gündəmdə saxlamaq, azərbaycanlı məcburi köçkünlər və mülki əhalinin qətlə yetirilməsi, habelə azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini qaldırmaq məqsədəuyğundur. Azərbaycanın AŞPA-dakı rəsmi nümayəndə heyətinin üzvlərinin bu istiqamətdəki fəaliyyəti və çıxışları gözlənilir.

Vətəndaş Cəmiyyəti olaraq, biz də Qış Sessiyasında intensiv fəaliyyət göstərəcəyik. Özümüzlə müəyyən materiallar aparacağıq və keçirəcəyimiz görüşlərdə AŞPA üzvlərini məlumatlandıracaq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı səsini müdafiə etmələrini istəyəcəyik. Artıq bir-neçə ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə yazışmalara start vermişik, onlarla görüşüb danışacayıq.

Ermənistan prezidenti Serj Sarkisyan Yanvarın 24-də AŞPA tribunasından çıxış edəcək. Məhz həmin çıxış zamanı Ermənistanın işğalçılıq siyasətinə haqq qazandıracağını və buna don geyindirəcəyini nəzərə alıb, müəyyən addımlar atmağı düşünürük. AŞPA üzvlərinin Ermənistan prezidentinə Dağlıq Qarabağ münaqişəsi və onun humanitar fəsadları barədə suallar verməsini təmin edəcək və vətəndaş cəmiyyəti olaraq, bu prosesdə biz də üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik.

Avropadakı erməni diasporunun Strasburqda müəyyən aksiyalar keçirəcəyini nəzərə alıb, bizlər də müəyyən addımlar atacayıq. Düşünürəm ki, AŞPA-nın bu dəfəki sessiyası Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində mühüm rol oynayacaq. Xüsusən də, azərbaycanlı girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa çıxması üçün AŞPA-nın imkanlarından maksimum istifadə etmək niyyətindəyik. Bir hüquq müdafiəçisi olaraq, bizim əsas hədəfimiz məhz budur. Odur ki, bu istiqamətdə qarşımızda duran vəzifələri yerinə yetirmək üçün bütün beynəlxalq platformalardan istifadə edəcək və Azərbaycan adına addımlar atacayıq.”

Bu yazını Facebookda şərh et