“Ərazi bütövlüyü və qaçqınlar mövzusu AŞPA-da prioritet olacaq” – Əhməd Şahidov

aspa_sessiyaSentyabrın 28-dən öz iclaslarına başlayan Avropa Şurası Parlament Assambleyası Oktyabrın 2-də sona çatıb

Oktyabrın 1-də ATƏT-in Varşava toplantısını yarımçıq qoyub Fransanın Strasburq şəhərinə gələn Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov AŞPA-nın Payız Sessiyasının iclaslarında yaxından iştirak edib. Ötən sessiyalardan fərqli olaraq, AŞPA-nın Payız Sessiyası əsasən ölkələrin ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlər və Avropada terrorizmlə mübarizə məsələlərinə həsr edilmişdi. Bunun bir səbəbi Ukrayna böhranıdırsa, digər səbəbi də İraq və Suriyadan Avropaya üz tutan on minlərlə qaçqının yaratdığı miqrasiya problemləridir.

Mətbuata açıqlamasında ADİHİ rəhbəri AŞPA-da gedən bu müzakirələrin Azərbaycan üçün də tarixi bir məqam olduğunu diqqətə çatdırıb və Azərbaycanın bundan sonrakı sessiyalarda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi ərazilər, bir milyon azərbaycanlı qaçqın və əsirlərlə bağlı məsələ qaldırmasının məqsədəuyğun olduğunu qeyd edib: “AŞPA-da hazırda prioritet olan bu məsələlərin müzakirəsi çərçivəsində Azərbaycanın haqq səsinin daha yaxından eşidilməsi labüddür. Düşünürəm ki, Azərbaycan üçün tarixi bir məqam yetişib və növbəti sessiyalarda bundan maksimum istifadə etməliyik“.

Bu yazını Facebookda şərh et