Əhməd Şahidov AŞPA-da keçiriləcək media azadlığı ilə bağlı dinləmələrdə iştirak edəcək

aspaYanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyasında Elmar Hüseynov və Rafiq Tağının qətlə yetirilməsi də müzakirə olunacaq

Yanvar ayının 26-da Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyası öz işinə başlayacaq. Yanvarın 30-a qədər davam edəcək toplantıda AŞPA Prezidenti və vitse-prezidentləri seçkiləri baş tutacaq, Fransadakı terror hadisəsi və Ukrayna böhranı ətrafında müzakirələr aparılacaq.

Yanvarın 28-də isə AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və Media Komitəsində “Avropada media azadlığının müdafiəsi” adlı müzakirələr təşkil olunacaq. Müzakirələr zamanı Xorvatiyadan olan deputat Qvozden Srecko Fleqonun hazırladığı məruzə dinlənəcək. Xorvatiyalı deputatın hazırladığı hesabatda Azərbaycanda qətlə yetirilmiş jurnalistlər – Elmar Hüseynov (2005) və Rafiq Tağının (2011) da adı keçir. Bundan başqa, Rusiyada qətlə yetirilmiş Paul Klebnikov (2004) və Anna Politkovskaya (2006), Serbiyada qətlə yetirilmiş Dada Vuyasinoviç (1994) və Milan Pantic (2001), Türkiyədə qətlə yetirilmiş Hrant Dink (2007), Böyük Britaniyada qətlə yetirilmiş Martin O`Haqan (2001), Ukraynada qətlə yetirilmiş Qeorqiy Qonqadze və Vasil Klementiyev adlı jurnalistlərin də adı keçən bu hesabatla bağlı ayrıca qətnamənin qəbul ediləcəyi gözlənilir.

AŞPA-da keçiriləcək həmin müzakirələrdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da yaxından iştirak edəcək. Hüquq müdafiəçisinin AŞPA Prezidenti xanım Anna Brassur və AŞ İnsan Haqları üzrə Komissarı cənab Nils Muiznieks ilə də görüşləri planlaşdırılır.

Bu yazını Facebookda şərh et