Əhməd Şahidovun “Sevdiyim qadın” romanı Kipr Ədəbiyyatçılar Vakfında böyük maraqla qarşılandı
Xəbər verildiyi kimi, Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan azərbaycanlı şair və yazar, fəlsəfə doktoru Əhməd Şahidovun tanıtım gecəsi keçirilmişdir. Dekabrın 27-də ŞKTC-nin Gazimağusa şəhərində Kipr Ədəbiyyatçılar Vakfında təşkil olunan gecədə Şimali Kipr ədəbiyyatçılarının rəhbəri İsmayıl Bozkurt, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, “Belçika Azərbaycan Evi”nin sədri Bülent Gürçam, tanınmış kulturoloq Aydın Xan, gənc alim Cahid İsmayıloğlu, Şimali Kiprdə fəaliyyət göstərən şair və yazarlar, o cümlədən Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Kipr Ədəbiyyatçılar Vakfının başkanı İsmayıl Bozkurt ədəbiyyatın xalqların daha da yaxınlaşmasındakı müstəsna rolundan danışmış və bu işdə gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etmişdir. Daha sonra çıxış edən gənc alim Cahid İsmayıloğlu yazar Əhməd Şahidovun ədəbi yaradıcılığı ilə yaxından tanış olduğunu və onun ədəbiyyata yeni nəfəs, yeni üsul gətirdiyini bildirmişdir.
Tanınmış kulturoloq Aydın Xan isə Əhməd Şahidovun “Sevdiyim qadın” romanı ilə tanış olduğunu, bu romanda ilk dəfə canlı personajların, real prototiplərin təsvir edildiyini qeyd etmişdir.
Bütün çıxışçılardan sonra kürsüyə qalxan şair və yazar Əhməd Şahidov öz yaradıcılığı barədə qısa məlumat vermiş, əsərlərinin əsas mövzusunun sevgidən bəhs etdiyini vurğulamışdır. Şimali Kipr barədə təəssüratlarını bölüşən azərbaycanlı yazar bu ölkəni özünə ikinci Vətən hesab etdiyini bildirmiş və növbəti romanının da məhz Şimali Kipr barədə olacağını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır: “Mən bugün ŞKTC Prezidenti hörmətli Derviş Eroğlu ilə görüşümdə də bu haqda bildirdim və məlumat verdim ki, Şimali Kiprin Azərbaycan oxucularına daha yaxından tanıdılması üçün ədəbiyyatın müstəsna rolu vardır. Mən inanıram ki, siyasətin görə bilmədiyi işi məhz ədəbiyyat görə biləcək və bu işdə ilk təşəbbüsü də mən həyata keçirəcəm.”
2013-cü ilin yay aylarına qədər yeni romanını hazırlayacağını bildirən Əhməd Şahidov həmin əsərin Türkiyə türkcəsinə tərcümə edilib Türkiyədə və Şimali Kiprdə yayılacağını bildirdi. Daha sonra tədbir iştirakçıları üçün öz kitablarını imzalayan Əhməd Şahidov onun yaradıcılığına verilən yüksək qiymətə görə, Kipr Ədəbiyyatçılar Vakfına və onun başkanı İsmayıl Bozkurta, Şimali Kipr yazarlarına, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğluna və tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirmişdir.
Shahidov.com