İstambulda keçirilən beynəlxalq konfransda azərbaycanca çıxış etməyim türk millətçilərini üstümə qaldırdı
Mart ayının 13-də artıq Türkiyənin İstambul şəhərində idim. Sultaniyyə deyilən yerdə “Türk Dış Politikası” adlı beynəlxalq konfrans başlayırdı. Səhər saatlarında konfrans keçiriləcək yerə çatdım. Xeyli gənc alim və tədqiqatçı toplaşmışdı. Hamı səbirsizliklə konfransın rəsmi açılışını gözləyirdi. Azərbaycandan da 5-6 gənc araşdırmaçı iştirak edirdi, hamısı ilə yaxınlaşıb görüşdüm, hal-əhval tutdum. Açılışdan öncə ayaqüstü digər iştirakçılarla – Türkiyə, Kipr, Qırğızıstan, Belarus, Kosova, Macarıstan, Makedoniya, İrak, Ukrayna, Rusiya və digər öldələrdən gəlmiş gənclərlə fikir mübadiləsi aparırdıq. Azərbaycandan olan bəzi iştirakçıların davranışları və fikirləri məndə xeyli təəssüf hissi yaratdı. Sanki Azərbaycan yaddan çıxmışdı. İştirakçılar içərisində yeganə insan mən idim ki, sinəmə Azərbaycan bayrağı nişanı vurmuşdum və bununla da digər iştirakçılara azərbaycanlı olduğumu göstərirdim. Danışanda ana dilimizdə – Azərbaycan dilində danışır və Azərbaycanı daha çox müsbət prizmadan təsvir etməyə çalışırdım.
Düzdür, Azərbaycanda vəziyyət heç də ürəkaçan deyil – demokratiya yoxdur, rüşvətxorluq baş alıb gedir, söz azadlığı yoxdur, monarxiya qurulur. Amma Azərbaycanın minillərdən bəri süzülüb gələn milli-mənəvi dəyərləri var, zəngin mədəniyyəti, yeraltı və yerüstü sərvətləri var, Qarabağ kimi dərdimiz, yüzlərlə şəhidimiz var bizim. Mən daha çox bu mövzulardan danışdığm bir zamanda yanımdakı bir nəfər Azərbaycan adlı bir millətin olmadığını, bu ölkənin heç bir tarixə malik olmadığını, əhalisinin isə yalnız rus, erməni, talış, ləzgi və avarlardan ibarət olduğunu israrla sübut etməyə çalışırdı. Qulaqlarıma inana bilmədim. Bunu deyən bir azərbaycanlı idi. Arxama çöndüm, adını çəkmək istəmədiyim bu cavan oğlan digər əcnəbi qonaqlara Azərbaycanı “təsvir” edirdi. Vətənimi dəlicəsinə sevdiyimdən müdaxilə etmək qərarına gəldim, amma zor gücünə deyil, söz gücünə. Başladım Azərbaycanın tarixindən danışmağa, Sovet İttifaqının tərkibində uzun illər yaşadığımızdan türkçülük anlayışını hələ indi-indi başa düşdüyümüzü, buna baxmayaraq qədim Türk dünyasının bir qolu olan Azəri türkləri olduğumuzu anlatdım. Bildirdim ki, bütün dünyada olduğu kimi Azərbaycanda da bütün millətlər qardaş kimi yaşayırlar, hətta ləzgi, avar və talışlar da özlərini azərbaycanlı hesab edirlər.
ahmed_istambul-2Nə isə… Konfrans başladı. Rəsmi açılışdan sonra dərhal gənc alimlərin çıxışları dinlənilməyə başladı. Aparıcı gözləmədiyim halda ilk çıxış üçün məni dəvət etdi. Tribunaya qalxdım və azərbaycanca çıxış etməyə başladım. Çıxışımın mövzusu “Rusiya və Türkiyə – müharibələrdən müttəfiqliyə doğru” idi. Hələ qədim zamanlardan bu iki dövlətin qarşılıqlı münasibətlərini təsvir etdim, müasir dövrdə bu iki dövlətin nə qədər strateji partnyor olduğunu bildirdim. Rusiya və Türkiyə arasındakı hərbi müttəfiqliyə diqqəti çəkdim, bildirdim ki, ABŞ və Avropanın yardımı olmasa belə, Türkiyə ayaq üstə dayana bilər və lazım gəldikdə Rusiyanın köməyindən yararlana bilər. İki ölkə arasında iqtisadi və mədəni əlaqələrdən də qısaca bəhs etdim. Çıxışımı bitirdim. Məndən sonra 4-5 nəfər də müxtəlif mövzularda çıxışlar etdilər. Birinci bölmə öz işini yekunlaşdırdı. Lakin yekunlaşdırmazdan əvvəl çıxışları dinləyən insanlar gənc alimlərə suallar verdilər. Maraqlısı odur ki, yerdən verilən 5 sualın hamısı birbaşa mənə ünvanlanmışdı. Birinci sualı verən Türkiyənin Samsun Universitetindən gənc bir tədqiqatçı idi. Əslində onun sualı bir qədər irad kimi də səslənirdi. “Sayın Ahmet bey, siz neden türkce konuşmuyorsuz. Biz sizi anlayamıyoruz…” dedi.
Açığı bu sualı gözləyirdim. Burada türk millətçilərinin nə qədər qeyri-peşəkar olduqları üzə çıxdı. Cavabımın daha başa düşülən olması və hədəfə daha düzgün çatması üçün Anadolu türkcəsində danışmağa başladım. Bildirdim ki, “Sayın hocam, kardeşim, ben zaten türkce konuşuyorum. Türk derkən, büyük bir türk dünyası anlaşılır. Bu dünyaya Türkiye, Azerbeycan, Türkmenistan, Kirgizistan, Özbekistan, Kazakıstan ve diger türk devletleri aittir. Tün devletlerin kendi dili, yani lehçesi oluyor. Türkiyede yaşayan türkler Anadolu türkcesinde, Türkmenistandakı türkler Türkmen türkcesinde, Azerbeycanda yaşayan türkler ise Azeri türkcesinde konuşuyorlar. Aynı dildir, ama farklı lehçelerdir. Ben Sizin dili pek iyi anlıyorum, ama siz de beni anlamak zorundasınız”.
Bu sözləri demişdim ki, yerdən alqışlar eşitdim. Mənə sual verən cavan oğlan bir qədər qızardı və pərt olmamaq üçün ikinci sualını replika şəklində verdi – “Azerbeycanda türk diline yasak koyulmuş, televizyonlarda türk dizilerinin yayınlanması durdurulmuşdur. Azerbeycan türk diline sayqısızlıq ediyor” dedi. Cavabımı yenə Anadolu türkcəsində verdim və bildirdim ki, Azərbaycanda təkcə Türkiyənin seriallarına deyil, bütün əcnəbi kinoların nümayişinə qadağa qoyulub. Bu, Azərbaycan dilinin qorunması və milli kino sənayesinin inkişaf etdirilməsi üçün edilib. Çünki, bizdə milli kinolar çəkilmir və millət ancaq əcnəbi seriallara baxmaqla vaxtını keçirir, milli genefonumuz zəhərlənir. Digər suallar da maraqlı idi. Türkiyənin regiondakı mövqeyi və Rusiya ilə münasibətləri barədə mənə suallar verildi.
Konfransdan sonra ayaqüstü fikir mübadiləsi də aparıldı. Təhsilim rusyönümlü olduğundan çoxları məni rus hesab edirdi, hətta familiyamın “Şahidov” olmasını dəlil gətirərək mənə irad tuturdular. Mən isə adın, soyadın əslində heç bir əhəmiyyət kəsb etmədiyini, insanın milli ruhunun necə olmasını irəli sürürdüm. Konfransa qatılan iştirakçıların əksəriyyəti türk millətçilləri idi. Hamı bir ağızdan Türk Dünyasından, türk dövlətlərinin birləşməsindən danışırdı. Ancaq pərakəndəlik hiss olunurdu, çünki birləşmənin necə baş verəcəyini heç özləri də bilmirdilər.
Bir professorla söhbət edirdim. Qəflətən mənə sual verdi ki, “Azərbaycan niyə Türkiyəyə birləşmir?” Açığı ziyalı bir adamdan belə sualı gözləmirdim. Xeyli mübahisə etdik. Bildirdim ki, “Türkiyəyə birləşmək” kəlməsi ilə “Türkiyə ilə birləşmək” kəlməsi arasında yer və göy qədər fərq var. Biz onsuz da Türkiyə ilə bir yerdəyik, beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, ortaq məsələlərdə eyni mövqedən çıxış edirik. Buna baxmayaraq, hər hansı bir birlikdə, ittifaqda birləşməyə, Avropa Birliyi, Afrika Ölkələri Birliyi, NATO və digər birliklər kimi biz də birlik qurmağa hazırıq. Amma bu, heç də “Türkiyəyə birləşmək” anlamına gəlmir. Çünki biz eyni millət olsaq da, ayrı-ayrı dövlətik. Hər bir dövlətin isə öz maraqları olur. Bundan başqa, Türkiyə cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında bir sıra kəskin fərqlər mövcuddur ki, bunların da həll edilməsi üçün uzun müddət vaxt lazımdır.
ahmed_istambul-1Hər kəs öz fikrində israr edirdi. Mən əvvəlcə özümü azərbaycanlı kimi təqdim edirdim. Ciddi etirazlarla qarşılaşdım. Fikrimi bir qədər redaktə etdim, dedim Azəri türküyəm. Dedim hamımız türkük, siz Anadolu türkü, Türkmən türkü, Kazax türkü, biz də Azəri türkü. Bu cavab müəyyən qədər aralığı sakitləşdirə bildi. Sonda Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti professor Rauf Denktaş çıxış etdi. Konfransdan sonra verilən rəsmi ziyafətdə Kipr prezidenti ilə də qısa dialoqum oldu. Onunla əsasən Kipr problemi ətrafında söhbət etdim, məni maraqlandıran bəzi suallara Rauf Denktaşdan maraqlı cavablar aldım.
Əslində Türkiyədən ən xoş hisslərlə ayrılmışdım. Lakin Bakıya düşdüyümdə çox peşman oldum. Sağ olsunlar, gömrükçülərimiz, təmiz qanımızı qaraltdılar. Əsl görməmişlik nümayiş etdirib, Kipr prezidenti Rauf Denktaşın mənə hədiyyə etdiyi suvenir qələmləri müsadirə etdilər. Heç bir qanun-qayda, normativ akt və əsas gətirmədən həmin hədiyyə qələmləri məndən aldılar və “gömrük rəisi belə tapşırıb” dedilər. Bilmirəm, bu Azərbaycan nə vaxt düzələcək. “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” deyiblər, amma burada heç ölməyə də imkan vermirlər. Bir qələm nə olan şeydir ki, bizim gömrükçülər onu mənim əlimdən alırlar. Yazıqlar olsun Sizə!
Əhməd ŞAHİDOV
Bakı-İstambul-Bakı