ABŞ və İran arasında davam edən hərbi qarşıdurma Yaxın Şərqdə gərginliyi daha da artırıb. Hörmüz boğazında təhlükəsizlik risklərinin artması, Körfəz ölkələrinin hərbi hazırlıq vəziyyətinə keçməsi və Vaşinqtonun regiondakı hərbi iştirakını gücləndirməsi münaqişənin yeni mərhələyə keçdiyini göstərir. Analitiklər hesab edirlər ki, tərəflər arasında siyasi razılaşma əldə olunmadığı müddətdə hərbi əməliyyatların davam etməsi qaçılmaz görünür.
Mövzu ilə bağlı ARB24 Televiziyasının qonağı olan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, ABŞ–İran müharibəsi hər iki tərəf üçün ağır nəticələr doğurur: “İran üçün bu müharibə dağıdıcı fəlakətə çevrilir. Ölkənin hərbi infrastrukturu ciddi zərbələr alır, iqtisadi vəziyyət daha da ağırlaşır. ABŞ üçün isə bu müharibə milyardlarla dollar əlavə xərc, həmçinin canlı qüvvə itkisi deməkdir. Məhz buna görə Vaşinqton artıq Körfəz ölkələrindən bu müharibəyə daha böyük maliyyə dəstəyi göstərilməsini tələb edir. Hörmüz boğazının açıq qalması ilk növbədə Körfəz ölkələrinin həyati maraqlarına xidmət edir. Bu səbəbdən həmin ölkələrin ABŞ-a əlavə investisiyalar və maliyyə dəstəyi ayıracağı gözlənilir.”
Əhməd Şahidov bildirib ki, İran müqavimətini davam etdirdiyi müddətdə ABŞ da hərbi əməliyyatlarını dayandırmayacaq: “Əgər Tehran indiki mövqeyini dəyişməsə, növbəti mərhələdə Vaşinqtonun Körfəz ölkələrinin ordularından istifadə etməklə İrana qarşı quru əməliyyatlarına başlaması ehtimalı da istisna deyil. Hazırda İran özü üçün qəbul edilə biləcək və layiqli hesab etdiyi razılaşmaya nail olmağa çalışır. Lakin bunun üçün hələlik uyğun siyasi zəmin formalaşmayıb. Buna görə də İran müqavimətini davam etdirir, ABŞ isə hərbi əməliyyatlarını genişləndirərək təzyiqi artırır.”




