İran təhlükəsi ABŞ-Körfəz strateji tərəfdaşlığını daha da möhkəmləndirir – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

ABŞ dövlət katibi Marko Rubionun bir neçə Körfəz ölkəsinin Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin olunması müqabilində ABŞ-a investisiya yatırmağa hazır olduqlarını açıqlaması Yaxın Şərqdə təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb. İran ətrafında artan gərginlik fonunda Vaşinqtonla Körfəz ölkələri arasında hərbi-siyasi və iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu bildirilir.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 televiziyasına açıqlamasında bildirib ki, İranla müharibə fonunda Körfəz ölkələri ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər daha da sıxlaşır. Onun sözlərinə görə, regionda yaranmış təhlükəsizlik riskləri Körfəz ölkələrini Vaşinqtonla əməkdaşlığı genişləndirməyə sövq edir və ABŞ bu prosesdə əsas təhlükəsizlik təminatçısı kimi çıxış edir.

Əhməd Şahidov qeyd edib ki, hazırkı şəraitdə Körfəz ölkələri üçün təhlükəsizlik məsələsi əsas prioritetə çevrilib və bu baxımdan onların ABŞ-a ehtiyacı daha da artır. Siyasi şərhçinin fikrincə, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi iqtisadi münasibətlərə də müsbət təsir göstərəcək, ABŞ-a yönələn investisiyaların artması isə tərəflər arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.