Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Səfər çərçivəsində Almaniya rəhbərliyi ilə keçirilən görüşlərdə ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji layihələri və regional məsələlər ətrafında müzakirələr aparılır. Tərəflər arasında bir sıra əməkdaşlıq sənədlərinin imzalanması da nəzərdə tutulur.
Siyasi şərhçi Əhməd Şahidov Real Televiziyasına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri təkcə Azərbaycan-Almaniya münasibətlərində deyil, bütövlükdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində yeni mərhələnin başlanğıcından xəbər verir. Onun sözlərinə görə, Almaniya Avropa İttifaqının əsas siyasi və iqtisadi güc mərkəzi olduğundan, bu səfər Azərbaycanın Avropa ilə strateji tərəfdaşlığının daha da dərinləşməsinə xidmət edəcək. Əhməd Şahidov qeyd edib ki, Avropa ölkələri artıq Azərbaycanın Cənubi Qafqazdakı aparıcı rolunu, 2020-ci il Vətən müharibəsindən sonra formalaşdırdığı yeni reallıqları qəbul edir və enerji təhlükəsizliyi baxımından Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirirlər.
Əhməd Şahidov əlavə edib ki, Azərbaycanın uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirib. Onun fikrincə, Azərbaycanın Çin, ABŞ, Rusiya, İran, Türkiyə və Avropa İttifaqı ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətləri bütün əsas güc mərkəzlərinin gözündə ölkəmizi etibarlı, proqnozlaşdırılan və uzunmüddətli tərəfdaş kimi möhkəmləndirib. Bu baxımdan Almaniyaya rəsmi səfər Azərbaycanın çoxtərəfli xarici siyasət strategiyasının növbəti uğurlu mərhələsi kimi dəyərləndirilir.





