Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketi, bəzi üzv ölkələrin bu sanksiyalarla bağlı narahatlığı, Ukrayna-Rusiya müharibəsinin gedişi, tərəflər arasında danışıqlar perspektivi, eləcə də ABŞ dövlət katibi Marko Rubionun Asiya sammiti çərçivəsində Rusiya və Çin rəsmiləri ilə keçirəcəyi görüş gündəmin əsas mövzularından biridir.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Moskvanın iqtisadi imkanlarını məhdudlaşdırsa da, eyni zamanda bəzi Avropa ölkələrinin iqtisadi maraqlarına da mənfi təsir göstərir. Onun sözlərinə görə, müharibə uzandıqca bütün tərəflər bundan zərər görür və məhz buna görə də bəzi Aİ üzvü ölkələri Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda müəyyən istisnaların nəzərdə tutulmasını təklif edirlər.
Əhməd Şahidov qeyd edib ki, Ukraynanın Rusiyanın dərinliklərinə dron hücumlarını artırması Moskvanın daha sərt raket zərbələri ilə cavab verməsinə səbəb olur və bu da tərəflər arasında danışıqlar imkanlarını getdikcə azaldır. O bildirib ki, ABŞ dövlət katibi Marko Rubionun Asiya sammiti çərçivəsində rusiyalı və çinli həmkarları ilə keçirəcəyi görüşdə Ukrayna-Rusiya müharibəsi ilə yanaşı, İran ətrafında cərəyan edən proseslər də əsas müzakirə mövzularından biri olacaq. Şərhçinin fikrincə, Hörmüz boğazı ətrafında yaranan gərginlik, ABŞ-ın İrana təzyiqlərinin artması və regionda vəziyyətin mürəkkəbləşməsi Vaşinqton və Tehran arasında sülh perspektivlərini də zəiflədən əsas amillər sırasındadır.






