Yaxın Şərqdə hərbi eskalasiya ABŞ-İran dialoqunu yenidən poza bilər – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


İsveçrədə ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqların gündəliyinə İsrail-Hizbullah qarşıdurmasının da daxil edilməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Regionda davam edən hərbi gərginlik fonunda təşkil olunan görüşlərin Yaxın Şərqdə sabitliyin bərpası və yeni eskalasiya risklərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.

Fransanın Strasburq şəhərindən ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, ABŞ-İran danışıqları təkcə iki ölkə arasında münasibətlər məsələsi deyil, bütövlükdə Yaxın Şərqdəki münaqişələrin həlli ilə bağlı mürəkkəb və həssas prosesdir: “Burada əsas məqamlardan biri odur ki, münaqişənin digər tərəfləri – İsrail və İranın bölgədə dəstəklədiyi proksi qüvvələr, xüsusilə Livandakı Hizbullah danışıqlarda birbaşa iştirak etmir. İran regiondakı müttəfiqlərinin, o cümlədən Livanın təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı məsələləri danışıqlarda vacib şərt kimi irəli sürür. Eyni zamanda İsrail də öz milli təhlükəsizliyinə təhdid yaradacaq heç bir razılaşmanı qəbul etməyəcəyini açıq şəkildə bəyan edib.”

Siyasi şərhçi Əhməd Şahidovun sözlərinə görə, tərəflərin Cenevrədə danışıqlar masası arxasına keçməsi müsbət addım olsa da, bu, Yaxın Şərqdə münaqişələrin başa çatması anlamına gəlmir: “Əgər tərəflərdən hər hansı biri razılaşdırılmış şərtləri pozarsa və ya İsrail-Hizbullah cəbhəsində, yaxud Qəzza istiqamətində yeni hərbi addımlar atılarsa, İranın cavab reaksiyası qaçılmaz ola bilər. Bu isə ABŞ-İran danışıqlarının yenidən pozulmasına və bölgədə gərginliyin daha da artmasına səbəb ola bilər.”