“Niderland və Belçika parlamentlərinin sənədi siyasi qərəzdir” – Əhməd Şahidov Strasburqdan Real Televiziyasına danışıb


16 aprel 2026-cı ildə Niderland və Belçika parlamentlərinin aşağı palatalarında Azərbaycanla bağlı qəbul edilən sənədlər Cənubi Qafqazda davam edən sülh prosesi fonunda yeni müzakirələrə səbəb olub. Regionda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yaxın bir mərhələdə belə addımların atılması siyasi baxımdan diqqət çəkir və müxtəlif dairələr tərəfindən fərqli şəkildə qiymətləndirilir.

Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Real Televiziyasına müsahibəsində bildirib ki, Niderland və Belçika parlamentlərinin qəbul etdiyi bu sənədlər açıq şəkildə siyasi qərəz daşıyır: “Bu tip qətnamələr heç bir halda hüquqi mahiyyət kəsb etmir və daha çox siyasi təzyiq aləti kimi istifadə olunur. Burada məqsəd obyektiv hüquqi yanaşma deyil, müəyyən siyasi narrativlərin gündəmə gətirilməsidir.”

Əhməd Şahidov qeyd edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına çox yaxın olduğu bir dövrdə belə sənədlərin qəbul edilməsi təsadüfi deyil: “Bu, sülh prosesinə təsir göstərmək, Azərbaycanı danışıqlar masasında əlavə güzəştlərə məcbur etmək cəhdidir. Lakin bu sənədlərin real təsir imkanları yoxdur. Onlar daha çox Ermənistandakı revanşist qüvvələrə motivasiya və siyasi dəstək xarakteri daşıyır.”