Rusiya AZAL təyyarəsinə görə kompensasiya ödəməyə razılaşdı – Əhməd Şahidov ARB24 Televiziyasında danışıb


Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər fonunda Moskvanın AZAL təyyarəsinin vurulması ilə bağlı kompensasiya ödəməyə razılıq verməsi gündəmin əsas mövzularından biri olub. Hökumətlərarası komissiyanın iclası ərəfəsində iki ölkə arasında iqtisadi əməkdaşlıqla yanaşı, 2024-cü ilin dekabrında baş vermiş faciənin nəticələrinin aradan qaldırılması istiqamətində addımlar da müzakirə olunub və tərəflər kompensasiyanın ödənilməsi barədə razılığa gəliblər.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasında bildirib ki, kompensasiyanın ödənilməsi əslində gecikmiş qərardır: “Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı bu günə qədər tam və adekvat addımlar atmayıb. Rəsmi şəkildə üzr istənilməyib, kompensasiya isə hadisədən uzun müddət sonra gündəmə gətirilir. Ən ciddi məqamlardan biri odur ki, bu hadisəni törədən şəxslər hələ də müəyyənləşdirilməyib və məsuliyyətə cəlb olunmayıblar. İstintaq prosesi açıq qalır və onun yekunlaşdırılması istiqamətində real irəliləyiş görünmür”.

Əhməd Şahidov əlavə edib ki, bu kimi yanaşma Azərbaycan-Rusiya arasında strateji müttəfiqlik münasibətlərinə uyğun deyil: “Rusiya faktiki olaraq bu hadisə ilə Azərbaycan kimi yaxın tərəfdaşına zərbə vurmuş oldu. Buna baxmayaraq, Azərbaycan dövləti balanslı siyasət apararaq həm münasibətləri qoruyub saxlayır, həm də öz haqlı mövqeyini qətiyyətlə müdafiə edir. Prezident İlham Əliyev ilk gündən açıq şəkildə bəyan edib ki, istintaq yekunlaşmalı, günahkarlar cəzalandırılmalı və Azərbaycana rəsmi kompensasiya ödənilməlidir. Bu gün kompensasiya məsələsi gündəmə gəlsə də, cinayətkarların müəyyənləşdirilməməsi ciddi suallar doğurur. Azərbaycan bu prosesdə həm Rusiyaya konkret tələblərini çatdırdı, həm də beynəlxalq ictimaiyyətə mesaj verdi ki, dövlət öz vətəndaşlarının hüquqlarını sona qədər müdafiə edir”.