ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda bölgədə gərginlik artmaqda davam edir. ABŞ Prezidenti Donald Trumpın İrana verdiyi vaxtın başa çatdığı gün Truth Social platformasında səsləndirdiyi sərt mesaj beynəlxalq diqqəti yenidən bu qarşıdurmaya yönəldib. Bu arada İranın Xarqa adasındakı neft obyektlərinə, eləcə də ölkə daxilində körpülər, dəmir yolları və magistral xətlər kimi strateji infrastruktura hava zərbələrinin endirildiyi bildirilir. İranın isə Körfəz regionunda enerji və sənaye obyektələrinə cavab zərbələri endirməsi qarşıdurmanın miqyasını daha da genişləndirir.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 televiziyasına müsahibəsində bildirib ki, mövcud vəziyyətdə ABŞ və İran arasında razılaşma əldə olunması çətin görünür. Onun sözlərinə görə, Tehran kompromisə getmək niyyətində deyil və Vaşinqtonun təkliflərinə qarşılıq olaraq irəli sürdüyü 10 maddəlik şərtlər paketi real qəbul edilə biləcək çərçivədən kənardadır. Bu şərtlər sırasında sanksiyaların ləğvi, Hörmüz boğazı üzərində hüquqların tanınması, dondurulmuş aktivlərin qaytarılması və təhlükəsizlik zəmanətləri yer alsa da, bu tələblər mövcud geosiyasi reallıqda qəbul olunmur və nəticədə danışıqlar dalana dirənir.
Əhməd Şahidov qeyd edib ki, İran daxilində strateji obyektlərin sistemli şəkildə hədəfə alınması mümkün daha genişmiqyaslı əməliyyatlara hazırlıq xarakteri daşıyır. Onun fikrincə, bəzi Qərb ekspertlərinin taktiki nüvə silahı ehtimalını müzakirə etməsi diqqət çəkir və bu, daha çox təzyiq elementi kimi qiymətləndirilə bilər: “Bu cür yanaşmalar İran rəhbərliyini daha praqmatik addımlar atmağa sövq etmək məqsədi daşıyır. Mövcud vəziyyət göstərir ki, İran müəyyən güzəştlərə getməsə, proseslər daha da sərtləşə bilər.” Şahidov əlavə edib ki, yaranmış şərait regionda yeni reallıqlar formalaşdırır və tərəfləri daha çevik qərarlar qəbul etməyə məcbur edir.






